Bank Of Baku

Gələn ildən biometrik pasportlara keçid başlanacaq

Gələn ildən biometrik pasportlara keçid başlanacaq
# 06 mart 2009 14:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Beynəlxalq Mülkü Aviasiya Təşkilatı (ICAO) və Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan 188 ölkə 2010-cu ilin aprelin 1-dən gec olmayaraq biometrik pasportlara keçməyi planlaşdırır.
Azərbaycanda bu proses Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramı (2007-2012-ci illər) çərçivəsində həyata keçirilir. İki mərhələdə həyata keçiriləcək proqramın I hissəsində (2007-2009-cu illər) bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ-hüquqi aktların hazırlanması, qəbul edilməsi, miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirlər, sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsi yer alıb.
Proqramın II mərhələsində (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrdən biri də biometrik texnologiyalar əsasında biometrik pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalı və tətbiqinin təşkilidir. Biometrik texnologiyalar fərd haqqında yalnız identifikasiya deyil, digər məlumatları da - şəxsin sağlamlıq vəziyyəti, müəyyən xəstəliklərə meyli, şəxsin irqi, milli mənsubiyyəti, vərdişləri haqqında məlumatları daşıyır.
Burada fərdin məlumatlarının nə dərəcədə qorunacağı da mühüm məsələdir. Ona görə də proqramda həm biometrik informasiya, həm də fərdin mühafizəsi haqqında ayrıca qanunun qəbulu nəzərdə tutulub. Bu qanun layihələri artıq Milli Məclisin işçi qrupunda müzakirə edilib. Bu infrastrukturun qurulması sərhəd-keçid məntəqələrindən başlayacaq.
Qeyd edək ki, Fransa və Belçikada belə pasportun qiyməti yüksəkdir. Estoniyada isə bir adam üçün 30-40 dollar arasındadır. Adi pasportlar kimi biometrik pasportlar da müəyyən müddətə (5-10 ilə) verilir. Pasportların dəyişmə müddəti element bazasında müəyyən dəyişikliklər, informasiya texnologiyalarının inkişafı ilə də bağlı ola bilər.
ICAO-nun tələblərinə görə, mikro-çipə adi pasportların 1-ci vərəqində olan informasiya və pasportda olan fotoşəkil daxil ediləcək. Bu, məcburi biometrik xarakteristikadır. Ümumiyyətlə, biometrik texnologiyalar dəqiqliyinə görə müəyyən sıraya malikdirlər. Gözün qüzehli qişası ilə bağlı texnologiya bir qədər baha olduğu üçün daha az tətbiq olunur, amma daha dəqiq hesab edilir.
Biometrik pasportlarda biometrik texnologiyalarla digər informasiya texnologiyaları, məsələn, açıq açarlar, kriptoqrafiya, elektron imza sistemi birləşdirilir. Buna görə, iddia etmək olar ki, biometrik pasportlar saxtalaşdırmağa, klonun hazırlanmağına, şəxsiyyəti təsdiq edən məlumatların saxtalaşdırılmasına qarşı daha dözümlüdür. Ümumilikdə, biometrik pasportlar milli təhlükəsizlik sistemini təkmilləşdirəcək, sərhədi keçən şəxslərin daha dəqiq identifikasiyasına xidmət edəcək. Pasport alanda hər kəsin biometrik xarakteristikası emal edilərək mikroçipə daxil edilir. Mikroçipin yaddaşı ICAO-nun tələblərinə görə, 32 Kb-dan az olmamalıdır (əksər dövlətlər 64-72 Kb-dən istifadə edir).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR