Bank Of Baku

Azərbaycan paytaxtında nəhəng zibilyandırma zavodu tikiləcək

Azərbaycan paytaxtında nəhəng zibilyandırma zavodu tikiləcək
# 09 aprel 2009 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtı ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi, nəticə etibarilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini «Təmiz Şəhər» ASC həyata keçirəcək.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakıda mövcud olan məişət tullantılarının zərərsizləşdirilməsi poliqonlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində də tədbirlər görüləcək. Belə ki, bərk tullantıların utilizasiyası ilə yanaşı, məişət tullantılarının təkrar emala yararlı hissəsinin seçimi aparılacaq və ən optimal üsullar tətbiq olunmaqla emal prosesi təşkil ediləcək.
«Bütün bunlar Bakı və Abşeronda ekoloji vəziyyətin yaxşılaşmasına, zərərli tullantılar səbəbindən içməli suya, ətraf mühitə və vətəndaşların sağlamlığına təhlükə törədən amillərin aradan qaldırılmasına imkan yaradacaq», - deyə Nazirlikdən bildirilib.
Bakıda və şəhərətrafı yaşayış məntəqələrində yaranan bərk məişət tullantılarının utilizasiyası üçün zibilyandırma zavodunun tikintisi nəzərdə tutulur. Zavodun layihələndirilməsi, tikintisi və istismarı üzrə keçirilmiş beynəlxalq tenderdə Fransanın «Constructions Industrielles de la Mediterranee S.A» («CNIM S.A») şirkəti qalib gəlib və şirkətlə müqavilə imzalanıb.
İldə 500 min ton məişət tullantıları yandırmaq gücünə malik olan zavodun layihələndirilməsini, tikintisini və 20 illik istismarını nəzərdə tutan müqavilə «turn-key» («açar təhvili») tiplidir. Zavod hər biri 250 min ton məişət tullantısı utilizasiya edən 2 xətdən və təxminən 230 MVt elektrik enerjisi istehsal edən turbindən ibarət olmaqla, Avropa İttifaqının istismar və ekoloji tələblərinə cavab verən müasir texnologiyalar əsasında inşa ediləcək. Tullantıların yandırılmasından yaranan külün də yol tikintisində istifadə olunması mümkündür. Zavodun tikintisinə 400 nəfərə yaxın işçi heyət (mühəndislər, texniki işçilər və fəhlələr) cəlb olunacaq. Müqavilə üzrə zavodun layihələndirmə və tikinti işləri 3 il müddətində başa çatdırılacaq. Tikintinin həcmini və ən müasir texnologiyaların tətbiqini nəzərə alaraq, zavodun inşasına və istismarına hərtərəfli nəzarəti həyata keçirmək məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik məsləhətçi şirkət cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR