Bank Of Baku

Azərbaycan süni rabitə peykinin alınması tenderinin müddətini uzadıb

Azərbaycan süni rabitə peykinin alınması tenderinin müddətini uzadıb
# 11 aprel 2009 09:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın Yerin orbitinə çıxaracağı «AzerSpace» süni milli rabitə peykinin alınması məqsədi ilə keçirdiyi tenderin müddəti aprel ayının sonuna kimi uzadılıb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun «APA-Economics»ə verdiyi məlumata əsasən, tenderdə ABŞ, Rusiya və Fransadan 5 şirkət iştirak edir. Onların arasında ABŞ-ın tanınmış «Boeing» və «Orbital Science Corporation» şirkətləri də var.
Nazirin sözlərinə görə, ümumilikdə iki peykin alınması nəzərdə tutulur. Peykin birinin dövlət büdcəsinin vəsaiti hesabına, digərinin isə kənar vəsaitlərin cəlb edilməsi ilə maliyyələşdirilməsi gözlənilir. Layihə kommersiya xarakteri daşıdıqdan onun həyata keçirilməsi üçün 5-7 illik imtiyazlı kreditin alınması da mümkündür.
Gələcəkdə «AzerSpace» süni milli rabitə peykinin dövlət müəssisələrinin nəzdində və ya birgə müəssisə şəklində fəaliyyət göstərəcəyi istisna olunmur.
Qeyd edək ki, dünya praktikası əsasən, süni peykin orbitə buraxılması layihəsinin icrası 100-160 mln. ABŞ dollarına başa gəlir.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqı Azərbaycana iki orbital mövqe verib, lakin bu, Yerin əhatə dairəsi üçün məhdudiyyət təşkil etdiyi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 20 il müddətinə orbital mövqe icarəyə götürərək süni peyk layihəsini həyata keçirir.
Qeyd edək ki, layihə Azərbaycan prezidentinin respublikada kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq sərəncamı əsasında həyata keçirilir.
Süni milli rabitə peyklərinin birinin orbitə 2010-cu ilədək, digərinin isə 2011-ci ilədək çıxarılacağı gözlənilir. Hazırda Azərbaycanın televiziya kanalları müxtəlif xarici peyklərdən yayımlanır. Milli peyk orbitə çıxarılandan sonra isə kanallar bu peyk vasitəsi ilə yayımlana biləcək. Kommersiya tipli və rentabelli sayılan bu layihə Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcək. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internet ilə transmissiyaya malik olacaq.
Xatırladaq ki, milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademikı Ronald Saqdeyevin təşəbbüsü ilə yaradılmış «Silk Sat» proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarını cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR