Bank Of Baku

Azərbaycan paytaxtında köhnə taksofonlar yığışdırılır

Azərbaycan paytaxtında köhnə taksofonlar yığışdırılır
# 16 aprel 2009 10:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Bakıda quraşdırılmış taksofonların sayı təxminən 2% azalıb. Hazırda Bakıda bütövlükdə 1 404 taksofon mövcuddur, bunun 110-u universal kartlı-qəpikli, o cümlədən 20-si CDMA, 225 kartlı və 1 069 jetonlu taksofondur.
«APA-Economics»in məlumatına görə, ilin əvvəlindən müşahidə olunan azalma əsasən köhnəlmiş jetonlu taksofonların şəhərdə yığışdırılması ilə bağlıdır. Ümumiyyətlə, paytaxtın ehtiyacını ödəmək üçün ümumilikdə 500-600 universal taksofon lazımdır. Yeni taksofonların üstünlüyü ondadır ki, onlar ödəniş vasitəsi kimi kartla yanaşı, dövriyyədə olan bütün qəpikləri də qəbul edir.
Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Avtomat Telefon Qovşağı (BATQ) yaxın illərdə kartlı GSM taksofonlarının istismarını dayandırmaq və onları universal veb-taksofonlarla əvəzləmək niyyətindədir.
Veb-taksofonlar özündə kompüter və taksofonların funksiyalarını birləşdirən İnternet-taksofonlardır. Onlarla İnternetə qoşulmaq, İP protokol vasitəsilə şəhərlərarası və beynəlxalq danışıqlar aparmaq, dünyanın istənilən nöqtəsindən video-konfrans həyata keçirmək mümkündür. Taksofonlar ümumi istifadə üçün binanın daxilində və kənarında yerləşdirilə bilər. Hazırda paytaxtda «Shlumberge», «Telekart», «Siemens», «Tatung» şirkətlərinin taksofonları var.
Beynəlxalq ekspertlərin fikrincə, taksofonların «ömrünə» çox qalmayıb. Gələcəkdə mobil rabitə xidmətlərinin tariflərinin düşəcəyi gözlənilir, mobil telefonların dəyəri isə getdikcə daha əlverişli olur. Bu isə öz növbəsində istifadəçilərin taksofonlara olan tələbatını azaldacaq.
Xatırladaq ki, BATQ tərəfindən ötən il ərzində 500 yeni taksofonun alınması üçün müqavilə bağlanılıb. Taksofonların quraşdırılmasını Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçirdiyi tenderin qalibi olmuş Çinin «ZTE Corporation» şirkəti həyata keçirir. Müqaviləyə əsasən, ilk mərhələdə 110 taksofon alınıb və quraşdırılıb. Tenderin şərtlərinə görə, paytaxtda 300-dən çox qəpikli və CDMA texnologiyası əsasında işləyən veb-taksofonlar quraşdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR