Bank Of Baku

«KATV1» HD formatda teleyayıma başlayır

«KATV1» HD formatda teleyayıma başlayır
# 13 oktyabr 2011 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «AG Telecom» MMC («KATV1» ticarət nişanı) kabel televiziya operatoru HD (High Definition - yuksək keyfiyyətli görüntü) formatlı kanalların kommersiya əsasında yayımına başlayır.

«KATV1» şirkətinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq HD yayımı üçün lazımı texniki işlər və sınaq yayımları uğurla başa çatdırılıb və yaxın vaxtlarda abunəçilərə HD kanallardan ibarət xüsusi paket təqdim olunacaq. Bu paketə qoşulmaq üçün abunəçilər 60 manat dəyərində HD qəbuledici (resiver) yaxud, 33 manat dəyərində CAM modul əldə etməlidirlər. SD resiveri olan abunəçilər bu resiverləri müəyyən əlavə məbləğ ödəməklə HD qəbulediciləri ilə əvəz edə bilərlər. Geri qaytarılan SD qəbuledicilərin dəyəri istismar müddətinə uyğun hesablanacaq. Tam komplektasiyada (buraya qəbuledicinin qutusu, istifadə qaydaları olan kitabca, rəngli izahat vərəqəsi, idarəetmə pultu, iki ədəd batareya, RCA yaxud «zambaq» kabel daxildir) və 6 aya qədər istismarda olan SD resiverlər 35 manat, 6 aydan 12 aya qədər istismarda olan SD resiverlər 30 manat, 12 aydan 18 aya qədər istismarda olan SD resiverlər 25 manat, 18 aydan 24 aya və daha çox istismarda olan SD qəbuledicilər isə 20 manat dəyərində qiymətləndiriləcək.

Eyni zamanda, şirkət abunəçilərə CAM modullar təqdim edir. CAM modullardan rəqəmsal kabel tünerləri və DVB-c çıxışı ilə təchiz olunmuş televizorlara sahib olan abonentlər istifadə edə bilərlər. CAM modul sahibləri kanalları həm SD, həm də HD formatda izləyə bilərlər.

Qeyd edək ki, HD resiverlər keyfiyyətli görüntü və səs xüsusiyyətlərindən əlavə digər üstünlüklərə malikdir. Buraya «Time Shift» funksiyası, video görüntünü USB yaddaş vasitəsinə yazılması imkanı və s. daxildir. Bundan əlavə, HD qəbuledicilərdən tam həcmli multimedia pleyer kimi də istifadə etmək mümkündür.

«HDTV dünyada televiziyanın inkişafında yeni mərhələdir. Əgər adi televizorlar təsviri 720x576 piksel nisbətində izləməyə imkan verirdisə, HDTV-də bu nisbət 1920x1080 pikseldir. HDTV-də təsvir 5 qat daha artıqdır. Bu da o deməkdir ki, görüntülər beş qat daha dəqiqdir», - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, «KATV1» 2005-ci ildən fəaliyyət göstərir. «KATV1»in tərəfdaşları sırasına «SN Telecom», «Lentinert Global Ltd.», «Metrovide Sistem Ltd.», «Viasat Holding» kimi şirkətlər daxildir. Azərbaycanda «KATV1» brendini «AG Telecom» MMC təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR