Bank Of Baku

Prezident İlham Əliyev: “Ağ şəhər”in salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir”

Prezident İlham Əliyev: “Ağ şəhər”in salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir”
# 25 dekabr 2011 00:25 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində çıxışı zaman deyib.
Dövlət başçısı bildirib ki, bu, ölkə və Bakı üçün çox əlamətdar hadisədir. Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki “Qara şəhər” ərazisində “Ağ şəhər” yaradılır. O xatırladıb ki, Bakının, Azərbaycanın zəngin neft yataqlarından müxtəlif insanlar istifadə edib . Öz maddi imkanlarını yaxşılaşdırıblar. Ancaq Bakının ekoloji vəziyyətinə çox böyük zərbələr vurublar. Ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması nəticəsində bu ərazi “Qara şəhər”ə çevrilib.
Prezident deyib: “İndi bu ərazini təmizləmək üçün nə qədər böyük səylər göstərilir. Bir neçə metr dərinlikdən neft tullantıları çıxarıldı, ekoloji tədbirlər görüldü. Ümumiyyətlə, bu ərazinin təmizlənməsi Bakının ekologiyası üçün əvəzsiz məsələdir. Ancaq təmizləyəndən sonra bu ərazidə yeni şəhərin salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir”.
Onun sözlərinə görə, şəhər içində “Ağ şəhər”də on minlərlə insan yaşayacaq. Gözəl ofislər, yaşayış binaları tikiləcək, ictimai yerlər, dənizkənarı yeni bulvar salınacaq. İndi Bakının gözəlləşməsi ilə bağlı çox böyük tədbirlər görülür. Bakı bulvarı bir neçə dəfə uzadılır. Hazırda 4 kilometrdir. “Bir neçə aydan sonra biz yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Dövlət Bayrağı Meydanı ilə birlikdə 10 kilometrdən daha da böyük məsafəni əhatə edəcəkdir. Həm şəhər sakinləri üçün, gəzinti üçün, istirahət etmək üçün yeni imkanlar yaradılır. Eyni zamanda, şəhərin bu tərəfini də abadlaşdıracağıq. Burada da yeni bulvarlar salınacaq. Beləliklə, sahil boyu bəlkə də 10 kilometrlərlə ölçülən yeni ictimai yerlər yaradılacaq.
Dövlət başçısı əmin olduğunu bildirib ki, bu şəhərin tikintisində həm yerli, həm xarici investorlar iştirak edəcəklər. “Ağ şəhər” layihəsi çox böyük peşəkarlıqla işlənilib. Bu layihə artıq mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda təqdim edilib və ən yüksək mükafatlar alıb. Dünya miqyasında ən gözəl memarlıq layihələrinin birinə çevrilib. Bu layihənin hazırlanmasında yerli şirkətlər, yerli memarlar, mütəxəssislər iştirak ediblər. Eyni zamanda, dünyanın ən qabaqcıl memarlıq, dizayn və inşaat şirkətləri də bu layihənin hazırlanmasında öz səylərini göstəriblər. Prezident deyib: “Beləliklə, gün gəldi ki, biz “Ağ şəhər”in təməl daşını qoyduq. Bir müddət bundan əvvəl bütün hazırlıq işləri təşkil edilib. Mənim tərəfimdən müvafiq Sərəncam verilib. Mən ümid edirəm ki, yaxın zamanlarda bu ərazilərdə gözəl binalar tikiləcək, ucaldılacaq. Hər bir bina memarlıq abidəsi olmalıdır. Hər bir bina çox böyük zövqlə, səliqə ilə, peşəkarlıqla tikilməlidir ki, bizim gözəl şəhərimiz daha da gözəlləşsin.
Bu layihənin hazırlanmasında və icrasında iştirak etmiş bütün insanları salamlayıram, onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu gözəl, dünya miqyasında nadir layihənin həyata keçirilməsində əməyi olan bütün insanlar yüksək qiymətə layiqdirlər”.
Prezidentin fikrincə, bu layihənin bu il icrası ona görə əlamətdardır ki, dünyada indi iqtisadi-maliyyə böhranı hökm sürür. “Bəzi mütəxəssislər deyirlər ki, böhranın yeni dalğası gözlənilir, bəlkə də başlayıb. Bütün dünyanın maliyyə sektorunda böhranlı meyillər güclənir. Bəzi ölkələrdə iqtisadi böhran o həddə çatıb ki, insanlar küçələrə axışır. Pensiyalar, maaşlar kəsilir. Bütün infrastruktur layihələrinin icrası dayandırılır. Azərbaycanda isə biz böyük milyardlarla dollar həcmində ölçülən layihənin təməlini qoyuruq. Biz bilirik ki, investorlar gələcəklər. Çünki bu şəhəri tikən özəl sektor olacaq. Dövlət burada yalnız infrastruktur layihələrini icra edir. Burada metro stansiyası da tikiləcək. Bütün xətlər, kommunal xidmətlər dövlət tərəfindən icra ediləcək. Yollar və sairə. Bütün binaları, ofisləri özəl sektor tikməlidir və tikəcək, həm yerli şirkətlər, həm xarici şirkətlər”.
Azərbaycan xarici investisiyalar üçün çox münasib yer olduğunu vurğulayan prezident deyib: “Biz bütün investisiyaları alqışlayırıq. Əminəm ki, biz yaxın zamanlarda birinci binaların açılışını qeyd edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR