Bank Of Baku

Şəhərsalma və Arxitektura Komitəsinin sədri: “Azərbaycanda 50-yə yaxın şəhərin Baş Planı işlənməlidir”

Şəhərsalma və Arxitektura Komitəsinin sədri: “Azərbaycanda 50-yə yaxın şəhərin Baş Planı işlənməlidir”
# 26 dekabr 2011 11:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. “Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən Baş planların hazırlanması birbaşa yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Bunu nəzərə alaraq bu günə kimi Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə 21 rayon mərkəzlərinin baş planları başa çatdırılıb”. “APA-Economics”in xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

O bildirib ki, hazırda Gəncə, Sumqayıt, Xırdalan və Şəki şəhərlərinin Baş Plan layihələri üzərində iş gedir: “Onlar işlənildikdən sonra Komitənin nəzdində yaradılmış Şəhərsalma Şurasında baxılır və müsbət rəy alındıqdan sonra təsdiq etmək üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Respublika əhəmiyyətli şəhərlərin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Eyni zamanda qeyd etməliyəm ki, hələ respublikanın 50-yə yaxın şəhərinin Baş Planı işlənməlidir. Bundan əlavə, Bakı şəhərinin mərkəzi hissəsinə daxil olan Vaqif prospekti, İsmayıl Qutqaşınlı və Yusif Səfərov küçələri arasındakı ərazinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi də işlənib başa çatdırılıb. Hazırda həmin layihə baxılmaqdadır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Aran, Quba-Xaçmaz, Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarının regional planlaşdırma sxemlərinin işlənməsi həyata keçirilir”.

A.Ələsgərov bildirib ki, tarixi məhəllələrin yenidən qurulması zamanı layihəçilər “tikinti fonu” adlanan problemlə üzləşirlər. Bunlar memarlıq baxımından dəyərli olan istər yaşayış, istərsə də ictimai binalara yaxın sahələrdə yerləşən, fiziki və mənəvi cəhətdən bərpası mümkün olmayan tikililərdir: “Qeyd etmək lazımdır ki, Bakı şəhərində bu gün tikilən memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı, məşhur əcnəbi memarlar Zaha Hadid, Frans Yans, Valter Mari, Rikardo Smit və başqaları da iştirak edir, gözəlləşən paytaxtımıza müasir dünyanın yeni mütərəqqi memarlıq nümunələri bəxş edirlər. Bu gün paytaxtımızda, dənizkənarı park ərazisində orijinal formasına görə milli musiqi aləti olan tarı xatırladan Muğam Mərkəzi tikilərək istifadəyə verilib. Məşhur memar Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzinin tikintisi tamamlanmaq üzrədir. Azadlıq meydanında iki 30 mərtəbəli beşulduzlu hotel, həmçinin şəhərin dağlıq hissəsindəki Parlament prospektində “Üç alov” kompleksi - 38 mərtəbəli yaşayış evi, 36 mərtəbəli otel və 34 mərtəbəli ofis binası, orijinal formalı Azərbaycan Xalçası Muzeyi şəhərə xüsusi yaraşıq verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR