Bank Of Baku

Azərbaycanda on minlərlə oğurlanmış mobil telefondan istifadə olunur

Azərbaycanda on minlərlə oğurlanmış mobil telefondan istifadə olunur
# 09 yanvar 2012 10:15 (UTC +04:00)
Ölkədə mobil cihazların qeydiyyat sisteminin yaradılması isə belə cihazlardan istifadənin qarşısını alacaq. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov www.ictnews.az saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində oğurlanmış mobil cihazlar müxtəlif yollarla Çin, Tailand, Malayziya və s. digər ölkələrə gətirilir və burada həmin cihazlar üzərində müxtəlif yenilənmə əməliyyatları aparıldıqdan sonra təkrar istismar üçün qeydiyyat sistemi olmayan ölkələrə, o cümlədən Azərbaycana ixrac edilir.

«Ümumiyyətlə, bu tip mobil cihazların texniki parametrləri standartlara uyğun olmur, keyfiyyət əmsalları aşağı olur və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayır. Hazırda ölkə ərazisində on minlərlə belə cihazlardan istifadə edilir», - deyə M.Əmirov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda mobil cihazların qeydiyyat sisteminin yaradılması nəticəsində belə cihazların ölkəyə idxalının qarşısı alınacaq. Nazirliyin apardığı araşdırmalar göstərib ki, İngiltərədə 3 il ərzində 330 min, İspaniyada təxminən 190 min, Türkiyədə isə 31,2 min mobil cihaz oğurluğu halı (həmçinin, 7 ədəd ölüm hadisəsi) baş verib: «Belə hadisələri önləmək və oğurlanmış cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması məsələsi ortaya çıxıb».

Hazırda belə sistem Türkiyə, İngiltərə, Hindistan, Ukraynada mövcuddur. Sistemin Avstriya, Danimarka, Finlandiya, İtaliya, İsveç, Estoniya və s. ölkələrdə də qurulması planlaşdırılır: «Müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların IMEI nömrələri barədə məlumat mütəmadi olaraq həmin ölkələr tərəfindən hazırda istifadə olunan müvafiq vahid mərkəzdə yerləşdirilir».

M.Əmirovun sözlərinə görə, mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə etməsinə şərait yaradacaq.

Qeyd edək ki, mobil cihazların qeydiyyat sistemi yaradılandan sonra istənilən şəxs öz mobil cihazının IMEI nömrəsinin dəyişdirilmiş olub-olmamasını öyrənə biləcək. Bunun üçün yaradılacaq internet səhifəsindən 15 rəqəmli IMEI nömrəsini daxil etmək kifayətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR