Bank Of Baku

«Bakcell»: Gələn ay Azərbaycanda «daşınan nömrələr» layihəsinin icrasına başlana bilər - MÜSAHİBƏ

«Bakcell»: Gələn ay Azərbaycanda «daşınan nömrələr» layihəsinin icrasına başlana bilər - <font color=red>MÜSAHİBƏ</font>
# 07 sentyabr 2012 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin baş direktoru Riçard Şirer şirkətin yaxın gələcəkdə tətbiq edəcəyi texnoloji yenilikləri və şəbəkənin bir qədər də inkişaf etdirilərək yaxşılaşdırılması barədə fikirlərini «APA-Economics»lə bölüşüb.

- Bu il ərzində şirkətin fəaliyyəti ötən illə müqayisədə nə ilə fərqlənib? Şirkət hansı yeniliklərə imza atıb?

- Ötən il ərzində bizim ən böyük uğurumuz «3G Sür@» xidmətinin istifadəyə verilməsi olub. Eyni zamanda şəbəkənin keyfiyyətini artırmaq istiqamətində işlərimizi davam etdirmişik. İlin sonunda aparılan sınaq testlərinin nəticələri onu göstərib ki, şirkətimiz Azərbaycanda ən üstün və keyfiyyətli şəbəkəyə malikdir.

Bundan başqa, biz genişzolaqlı internetlə yanaşı, gənclər üçün nəzərdə tutulmuş «CİNeration» kimi məhsulu istifadəyə vermişik. Onu da deyə bilərəm ki, ölkənin gənc əhalisinin əksəriyyəti məhz bizim xidmətlərdən istifadə edir.

Maliyyə məqsədlərimizə çatmışıq, hətta üstələmişik. Cari ilin ötən dövrü ərzində isə mobil internet və genişzolaqlı internet istifadəçilərimizin sayında artım qeydə alınıb. İlin ilk rübündə iki əsas məhsul istifadəyə vermişik ki, bunlardan biri «ƏlaCİN», digəri isə «DoğmaCİN» tarif paketləridir. Bu məhsullar uğurlu olub.

- Bu il ərzində «Bakcell» texnoloji yeniliklərin tətbiqinə, yeni baza stansiyalarının qurulmasına və bu kimi işlərə 70 mln. manat vəsait sərf etmək niyyətindədir. Hazırda bu yatırım hesabına hansı nailiyyətləri əldə edə bilmisiz? Bu il neçə baza stansiya quraşdırılıb və ümumiyyətlə, şirkətin hazırda neçə baza stansiyası mövcuddur?

- Hazırda biz şəbəkənin yaxşılaşdırılması istiqamətində makrolayihələrdən mikrolayihələrə keçmişik, yəni «Bakcell» binadaxili avadanlıqların quraşdırılmasını həyata keçirir. «Crystal Hall»da, «Flame Towers»də, «Port Baku»da, eyni zamanda paytaxtın bir sıra tanınmış hotel və mehmanxanalarında və biznes binalarında şirkət tərəfindən quraşdırılmış avadanlıqları buna misal olaraq gətirmək olar. Bakıda «Crystal Hall»da gördüyümüz işlərə görə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşuq. Londonda isə Qlobal Telekommunikasiya Biznesində İnnovasiya («Global Telecoms Business Innovation Award») mükafatlarına layiq görülmüşük. Hazırda investisiyalarımız əsas hissəsi binadaxili sistemlərin quraşdırılmasına yönəldilir.

Baza stansiyalarına gəldikdə isə, biz bu il ölkə ərazisində 200-ə yaxın yeni baza stansiyası quraşdırmışıq və bununla da «Bakcell»in baza stansiyaların ümumi sayı 2 200-ü ötüb. Lakin əsas məsələ baza stansiyalarının sayında yox, onların tutumunda və göstərilən xidmətlərin keyfiyyətindədir.

- «Bakcell» şirkəti 3G xidmətini uğurla tətbiq etdikdən sonra 4G-ni Azərbaycan ərazisində də tətbiq etməyə planlaşdırır. Hazırda bu məsələ hansı yerdədir və «Bakcell» abunəçiləri sözügedən xidmətdən nə vaxt yararlana biləcək?

- Ötən ilin noyabr ayında Bakıda keçirilən «BakuTel-2011» beynəlxalq sərgisində biz LTE (4G) xidmətimizi cari şəbəkə kimi nümayiş etdirmişik. Bu da onu göstərir ki, «Bakcell» şirkəti sözügedən xidməti ölkə ərazisində tətbiq etməyə hazırdır. Lakin onu da demək istərdim ki, 4G xidmətinin tətbiqi tezliklərdən asılıdır. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən «Bakcell»ə verilən tezliklər «Azercell» şirkəti tərəfindən istifadə olunur. LTE texnologiyasını ölkədə tətbiq etmək üçün biz bu tezliklərin boşaldılmasını gözləyirik. Onu da qeyd etmək istərdim ki, hazırda Azərbaycanda 4G texnologiyasını dəstəkləyən mobil cihazlar azdır. Bu cihazların sayı artarsa, «Bakcell» 4G xidmətinin tətbiqinə başlayacaq. Bazardakı abunəçilərin böyük əksəriyyətinin istifadə etdiyini cihazlar 3G xidmətini dəstəklədiyi üçün biz bu xidmətin əhatə dairəsini daha da genişləndiririk. Lakin şirkət 4G xidmətini göstərməyə də tam hazırdır.

- Ölkədə icra olunan «Mobile Number Portability» («daşınan nömrələr») layihəsi çərçivəsində «Bakcell» şirkəti tərəfindən hansı işlər görülüb və hazırda vəziyyət nə yerdədir?

- «Bakcell» şirkəti bu layihə çərçivəsində lazım olan bütün işləri həyata keçirərək başa çatdırıb və hazırda şirkət sözügedən layihənin tətbiqinə texniki olaraq tam hazırdır. Ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorları nə vaxt hazır olarsa, biz dərhal onu bu layihəni tətbiq edəcəyik. Operatorların biri ilə bu layihə çərçivəsində artıq sınaq işləri də aparılır. Layihəyə cari ilin oktyabr ayında start veriləcəyi gözlənilir.

Bu layihənin tətbiqindən sonra biz abunəçilərimizin sayının kifayət qədər artacağını gözləyirik. Ümumiyyətlə, bu layihənin tətbiqi hazırda iki SİM-kartdan istifadə edənlərin sayını azaldacaq.

- Hazırda şirkətin nə qədər abunəçisi mövcuddur və ötən ilə nisbətən abunəçilərin sayında nə qədər artım qeydə alınıb? Hazırda «Bakcell»in neçə abunəçisi 3G xidmətindən istifadə edir? Bu ilin sonuna abunəçilərin sayının nə qədər olacağını proqnozlaşdırırsınız?

- Hazırda şirkətin aktiv abunəçilərin sayı 2,6 mln. nəfərdən artıqdır. Ötən ilin analoji dövrü ilə müqayisədə abunəçilərimizin sayı təqribən 10%-dən çox artıb. Eyni zamanda 2,6 mln. abunəçilərimizin təxminən 2 mln-u 3G xidmətindən istifadə edir, onlardan 1 mln-u isə daimi 3G istifadəçisidir.

Proqnozlara görə, «Mobile Number Portability» layihəsi bu il tətbiq olunarsa, 2012-ci ilin sonuna abunəçilərimizin sayı kifayət qədər artacaq.

- Şirkət mütəmadi olaraq rouminq tariflərində endirimlər tətbiq edir. Gələcəkdə də bu istiqamətdə qiymətlərin aşağı salınmasını planlaşdırırsınızmı? Qiymətlərin endirimi şirkətin göstərdiyi internet xidmətlərini də əhatə edəcəkmi?

- Tariflərin endirilməsi daxili və xarici bazarda mövcud olan vəziyyətdən asılıdır. Hesab edirəm ki, «Bakcell» ölkə daxilində danışıq və internet xidmətlərinin qiymətlərini kifayət qədər endirib və abunəçilərimiz bizim tariflərimizdən razıdır. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda mobil internet xidmətlərinin qiyməti Böyük Britaniyadakından təxminən 3 dəfə aşağıdır.

Hazırda bizim əsas məqsədimiz şəbəkəmizi bir qədər də təkmilləşdirib onun keyfiyyətini, eyni zamanda müştərilərimizə göstərilən xidmətlərimizin keyfiyyətini artırmaq və ümumiyyətlə, brendimizi inkişaf etdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR