Bank Of Baku

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydalarına dəyişikliklər edilməsi təklif olunur

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydalarına dəyişikliklər edilməsi təklif olunur
# 07 sentyabr 2012 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçirilməsi qaydalarına dəyişikliklərlə bağlı təkliflər hazırlanacaq.

«APA-Economics»in məlumatına görə, bunu Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov fondun İctimai Təşəbbüslər Mərkəzi ilə birlikdə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinin mövcud vəziyyətinin dəyərləndirilməsi və islahat imkanlarının aşkar olunması məqsədilə bu gün keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, aparılan kiçik araşdırma nəticəsində məlum olub ki, Fransa və İspaniyada yeni avtomobillərə 1 ildən 3 ilədək texniki baxışdan keçməsi tələb olunmur: «Bu ölkələrdə avtomobilin yaşından asılı olaraq 3 ildən 9 ilədək istismar olunan avtomobillər texniki baxışdan iki ildən bir, istismar dövrü 10 il və ya 10 ildən çox olan avtomobillər isə hər il bu baxışdan keçməli olurlar. Fransa və İspaniyada texniki baxışı dövlət lisenziyası olan şirkətlər həyata keçirirlər”.

S.Bağırov bildirib ki, ABŞ-ın 13 ştatında, ümumiyyətlə, texniki baxış anlayışı yoxdur. Qalan ştatlarda isə bütün avtomobillər hər il və ya iki ildən bir texniki baxışdan keçir və bu işi birbaşa özəl şirkətlər həyata keçirir: «Qeyd edim ki, 8 ölkə üzrə aparılan araşdırma nəticəsində yalnız Çin və Rusiyada avtomobillərə texniki baxışın polis tərəfindən həyata keçirildiyi məlum olub».

S.Bağırovun sözlərinə görə, Azərbaycanda nəqliyyat vasitələrinin dövlət texniki baxışı yalnız polis tərəfindən həyata keçirilir və istismar dövründən asılı olmayaraq texniki baxış bütün avtomobillərə şamil olunur: «Məhz bu səbəbdən beynəlxalq təcrübədən yaralanaraq Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydalarına dəyişikliyin olmasına ehtiyac var. Biz bütün təklifləri nəzərə alaraq nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi qaydalarına dəyişikliklə bağlı hökumətə təkliflər hazırlayacağıq».

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar arasında Azərbaycanda nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinin mövcud vəziyyəti və onun parametrləri müzakirə olunaraq fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR