Bank Of Baku

Azərbaycan Sloveniya ilə İKT sahəsində əməkdaşlıq formalarına dair bir neçə təklif irəli sürüb

Azərbaycan Sloveniya ilə İKT sahəsində əməkdaşlıq formalarına dair bir neçə təklif irəli sürüb
# 20 sentyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Sloveniyanın baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Ə.Abbasov Azərbaycan və Sloveniya arasında son illər müxtəlif sahələrdə, o cümlədən İKT sahəsində əməkdaşlığın müsbət tendensiyada inkişaf etdiyini bildirib.

Qarşılıqlı əməkdaşlıq, o cümlədən Sloveniya şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün münbit şərait yaradıldığını, bununla yanaşı, biznes qurumları üçün daha səmərəli şərtlərin vacibliyini diqqətə çatdıran Ə.Abbasov Azərbaycanın prioritet layihələrindən də söz açıb. Nazir qeyd edib ki, ölkədə növbəti 3 il ərzində genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi, eləcə də hər bir kənddə bu xidmətə olan tələbatın tam ödənilməsi nəzərdə tutulur ki, bunun üçün tələb olunan vəsait (350 mln. avro) artıq müəyyənləşib və layihənin icrası üçün hazırlıq işlərinə başlanılıb.

Ölkədə «Elektron hökumət» quruculuğundan da söz açan nazir bu məqsədlə elektron xidmətlərin genişləndirilməsi və onların əhaliyə genişzolaqlı internet xidmətləri üzərindən təklif olunmasını da vurğulayıb: «Hazırda Azərbaycan regional bazarda informasiya xidmətlərinin göstərilməsi üçün yetərli infrastruktura malikdir. Daxili bazarda bu xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, regional xarici bazarlarda da iştirakımızı təmin etmək niyyətindəyik. Hesab edirik ki, bu imkanlarımızdan Orta Asiya, İran, Gürcüstan kimi ölkələr yararlana bilər. Təbii ki, Sloveniyaya bu sahədə xidmətlərimizi təklif etməyə hazırıq. Nəzərdə tutulan növbəti prioritet məsələ kosmik sənaye ilə bağlıdır. Azərbaycan artıq ilk telekommunikasiya peykini orbitə buraxmağa hazırlaşır».

Bunun ardınca növbəti peyklərin də orbitə buraxılmasının təmin ediləcəyini deyən Ə.Abbasov Azərbaycan üçün İKT sahəsində növbəti mühüm addımın xarici bazarlara investisiyaların yatırılması üçün yerli şirkətlərin hökumət tərəfindən dəstəklənməsi olduğunu bildirib: «İnvestisiyaların yatırılacağı ölkələrdən biri də Sloveniya ola bilər və ya Azərbaycanla Sloveniya birlikdə üçüncü ölkəyə sərmayə yatıra bilər».

Öz növbəsində R.Zerjav Azərbaycana səfəri çərçivəsində bir neçə görüşdə olduğunu və bu görüşlərdə Sloveniya və Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb.

İKT sektorunda, o cümlədən genişzolaqlı internet xidmətlərinin təşkili kimi sahələrdə də qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını deyən R.Zerjav hazırda Azərbaycan bazarında bir neçə Sloveniya şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb: «Biz Azərbaycan şirkətlərinin Sloveniyada, Sloveniya şirkətlərinin Azərbaycan bazarında iştirakını müzakirə edib, onların fəaliyyətinə dəstək verməliyik. Düşünürəm ki, şirkətlərimizin qarşılıqlı əlaqələrini gücləndirməklə iqtisadi münasibətlərimizin inkişafı daha uğurlu olar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR