Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini ilə görüşüb
# 21 sentyabr 2012 08:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini, səfir Əbdül Moiz Buxari ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfir ötən il «Bakutel-2011» sərgisi çərçivəsində İƏT-in Elm, Texnologiya Komitəsinin (COMSTECH) Bakıda keçirilən iclasını yüksək qiymətləndirib və Azərbaycanın İƏT-in Elm, Texnologiya, İnnovasiya Təşkilatına (STIO) üzv olmasının gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacağını vurğulayıb. Son illər Azərbaycanda elm, texnologiya, innovasiya sahəsində görülmüş işləri də yüksək dəyərləndirən Ə.M.Buxari bu işlərin İslam aləmində də xüsusi rəy topladığını, həmin ölkələrin Azərbaycanı bu regionun mərkəzi kimi gördüyünü diqqətə çatdırıb.

Gələcəkdə İƏT-in ixtisaslaşmış təşkilatına çevriləcək STIO-ya Azərbaycanın üzv olacağı təqdirdə liderlik mövqeyini öz əlində cəmləşdirəcəyini də vurğulayan baş katibin müavini Azərbaycanın təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün təşviq olunduğunu bildirib.

Öz növbəsində Ə.Abbasov hazırda Azərbaycanın STIO-ya üzv olması üçün müvafiq hazırlıq işlərinin aparıldığını və daxili proseduralar başa çatdıqdan sonra bu haqda yekun qərarın veriləcəyini bildirib. Eyni zamanda nazir bildirib ki, Azərbaycanın İKT sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün müvafiq proseduralara başlanacaq.

Daha sonra cari ilin dekabrında COMSTECH-in zirvə toplantısının Pakistanda keçiriləcəyini vurğulayan səfir Ə.M.Buxari Azərbaycan tərəfinin növbəti illərdə İƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə elm və texnologiyaya həsr olunmuş tədbirinin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR