Bank Of Baku

Azərbaycan narkotik qaçaqmalçılığına qarşı mübarizədə Toqoya yardım edəcək - FOTOSESSİYA

Azərbaycan narkotik qaçaqmalçılığına qarşı mübarizədə Toqoya yardım edəcək - <font color=red>FOTOSESSİYA</font>
# 08 oktyabr 2012 10:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Toqo Respublikasının gömrük xidməti narkotik maddələrin qaçaqmalçılığına və digər pozuntulara qarşı mübarizədə Azərbaycanın təcrübəsindən istifadə edəcək. «APA-Economics»in məlumatına görə, bu məsələ bu gün Toqo İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin baş direktorunun müavini Ekpao Adjabonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Bakıda keçirilən görüşündə müzakirə edilib.

Görüşdə Toqodan Azərbaycana rəsmi nümayəndə heyətinin ilk səfərinin olduğunu bildirən A.Əliyev qeyd edib ki, hazırda Toqo ilə Azərbaycan arasında iqtisadi əlaqələr, ticarət əməliyyatları demək olar ki, yoxdur: «Amma ümid edirəm ki, bu görüşlərdən sonra ölkələrimiz arasında iqtisadi əlaqələr də həyata keçiriləcək».

A.Əliyev xatırladıb ki, Dünya Gömrük Təşkilatının iyunda keçirilən tədbirində Toqo gömrük xidmətinin rəhbərliyi narkotik və qaçaqmalçılıqla mübarizənin göstərilməsi üçün köməyə ehtiyaclarının olduğunu bəyan edib. Azərbaycan tərəfinin Toqo nümayəndə heyəti ilə görüşündə bu yardımın ölkəmiz tərəfindən göstərilməsi qərara alınıb.

DGK sədri bildirib ki, Azərbaycanın gömrük xidməti cəmi 20 il əvvəl yaradılsa da, narkotrafik marşrutları üzərində yerləşməsinə, eləcə də ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazilərindən narkotik məqsədlər üçün istifadə olunması hallarına görə, narkotik və qaçaqmalçılığın qarşısının alınmasında böyük təcrübəyə malikdir.

Komitə sədri qeyd edib ki, səfər zamanı Toqo nümayəndələri Azərbaycanın gömrük xidmətinin bu sahədəki təcrübəsi ilə geniş tanış olacaqlar. Nümayəndə heyəti «Hədəf» Mərkəzi, kinoloji xidmət, gömrük xidmətinin istifadə etdiyi avadanlıqlar və nəhayət gömrük qanunvericiliyi ilə tanış olacaqlar. A.Əliyev xüsusi vurğulayıb ki, Azərbaycanın yeni qəbul edilmiş Gömrük Məcəlləsi Avropa və dünyanın ən yaxşı mütəxəssislərinin iştirakı ilə tərtib edilib.

Görüşdə Toqo nümayəndə heyəti göstəriləcək dəstəyə və təcrübə mübadiləsinə görə təşəkkürünü bildirib. Toqo İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin baş direktorunun müavini E.Adjabo etiraf edib ki, narkotik tranziti və ümumiyyətlə qaçaqmalçılıq Toqo gömrük xidmətinin əsas problemlərindən biridir: «Amma biz təkcə bu sahələr deyil, bütün sahələrdə sizin yardımınızdan yararlanmaq istərdik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR