Bank Of Baku

Bakıda internet idarəçiliyi mövzusunda konfrans keçirilib

Bakıda internet idarəçiliyi mövzusunda konfrans keçirilib
# 31 oktyabr 2012 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirilib. «APA-Economics»in məlumatına görə, konfransın təşkilatçılarından biri olan IREX təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Angela Nikoara təşkilatın ölkədə həyata keçirdiyi layihələr barədə məlumat verib və bildirib ki, layihələr Azərbaycan əhalisinin internet xidmətlərindən istifadəsinə yönəldilib.

Belə ki, layihələr çərçivəsində əsasən gənclər və qadınlara müxtəlif kurslar təşkil olunur, internet köşkləri quraşdırılır və s. tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev Forumun Azərbaycan üçün əhəmiyyətindən danışıb və qeyd edib ki, analoji tədbirlər ölkənin İKT sektoruna öz töhfələrini verir. Son illər ərzində Azərbaycanda İKT sektorunun sürətlə inkişaf etdiyini söyləyən İ.Əliyev qeyd edib ki, bu sektorun ölkənin qeyri-neft sektorunun inkişafında rolu böyükdür.

Son 5 il ərzində ölkənin İKT sektoru 6 dəfə, məhsul istehsalı isə 5 dəfə artıb. Ümumiyyətlə, İKT sektoruna ölkədə böyük diqqət yetirilir və bu sahənin potensialı yüksək qiymətləndirilir. Son illər Azərbaycanda mobil rabitə sahəsinin də sürətlə inkişaf etdiyini bildirən RİTN rəsmisi əlavə edib ki, hazırda ölkədə hər 100 nəfərə 110 mobil telefon düşür. Hazırda Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları 3G xidmətini uğurla tətbiq edir və artıq 4G xidmətinin tətbiqi üçün hazırlıq işləri görülür. Bu xidmətlərin tətbiqi ölkədə internet istifadəçilərinin artmasına təkan verir.

Ölkədə internet xidmətlərindən istifadəyə görə qiymətlərin kəskin endirildiyini bildirən İ.Əliyev qeyd edib ki, əgər 2007-ci ildə Azərbaycanda internetin 1 Mbit/saniyə sürətinin qiyməti 250-300 manat təşkil edirdisə, hazırda bu qiymət 10 manat təşkil edir. Hər 1 000 nəfər yeni internet istifadəçisi ölkədə 70 yeni iş yerinin açılmasına imkan yaradır.

Tədbirdə çıxış edən AİF prezidenti Osman Gündüz ölkədə internetin hazırkı vəziyyətindən danışıb və «Azərbaycan interneti: əlçatarlıq, «online» şəffaflıq, açıq hökumət» təqdimatı ilə çıxış edib.

Qeyd edək ki, konfransın məqsədi noyabrın 6-9-da Bakıda keçiriləcək beynəlxalq İnternet İdarəçiliyi Forumu (IGF/Internet Governance Forum) ərəfəsində milli internet infrastrukturunun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaq olub. Konfransda Azərbaycan internetinin gələcək inkişaf istiqamətləri üzrə dövlət, özəl və vətəndaş cəmiyyəti qurumları, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması imkanları araşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR