ADY 1960-cı illərdən miras qalmış dəmiryol infrastrukturunu yeniləyir - MÜSAHİBƏ - FOTO

ADY 1960-cı illərdən miras qalmış dəmiryol infrastrukturunu yeniləyir - MÜSAHİBƏ  - FOTO
# 03 aprel 2024 12:05 (UTC +04:00)

Ölkənin nəqliyyat sektorunun inkişafının əsasında duran mühüm faktorlardan biri də infrastruktur layihələrinin həyata keçirilməsi və müasir standartlara cavab verən idarəetmə sisteminin qurulmasıdır. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xarici kreditlər də cəlb edilib. Nəqliyyat sektoruna yatırılan investisiyalar öz bəhrəsini verməkdədir, belə ki, 2024-cü ildə nəqliyyat sektorunun ÜDM-də payı 5,4%-dən 7,0%-ə yüksəlib.

Son illər Azərbaycanda nəqliyyat sektorunun əsas sahələrindən biri olan Azərbaycan dəmir yolları da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahəyə yatırılan iri həcimli kapital qoyuluşları və investisiya layihələri mərhələli şəkildə həyata keçirilir, infrastruktur sağlamlaşdırılır, idarəetmə sistemi optimallaşdırılır, əməliyyatların səmərəliliyi və rəqəmsallaşma uğurla həyata keçirilir.

Ölkədən keçən beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində infrastruktura ciddi yatırımlar edilir, yük daşımaları sahəsində”Azərbaycan Dəmir Yolları” QSC (ADY) etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir.

Amma eyni zamanda ölkənin dəmir yolu şəbəkəsinin tam müasirləşdirilməsi hələ də başa çatdırılmayıb və əksər xidmət sahələrində 1960-cı illərdən miras qalmış infrastrukturun yenilənməsinə əsaslı zərurət yaranıb.

Azərbaycan Dəmir Yollarının infrastruktur sahəsində üzləşdiyi əsas çətinliklər, çıxış yolları, həyata keçirilən yeni layihələr və 2030-cu il üzrə Strateji Sənədi haqqında ADY-nin İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarov "APA-Economics"ın suallarını cavablandırıb.

- Elçin müəlim, ADY ölkənin nəqliyyat logistika sahəsində əsas strateji qurumlarından biri olaraq müasir və inteqrə olunmuş quruma çevrilməyi qarşısına hədəf qoyub. Sizcə infrastuktur sahəsi bu hədəfə çatmağa nə dərəcədə hazırdır?

- Bildiyiniz kimi ADY-nin əsas fəaliyyəti yük və sərnişin daşımalarıdır. Bu fəaliyyəti təhlükəsiz təşkil etmək üçün dəmir yolu infrastrukturunu daima saz vəziyyətdə saxlamaq lazımdır.

Qeyd edim ki, dəmir yolu infrastrukturu dedikdə, söhbət yalnız dəmir yolu xətlərindən getmir. Bura rabitə-işarəvermə, kontakt şəbəkə sistemi, yol təsərrüfatı, elektrik təchizatı və s. sahələr aiddir.

Açıq bildirməliyəm ki, dəmiryol infrastrukturu sahəsində 1960-cı illərdən miras qalan böyük çətinliklərimiz var. Uzun illərdir ki, dəmir yollarında əsaslı təmir, yenidənqurma işləri həyata keçirilməyib. Bəzi infrastruktur obyektləri, qurğu və avadanlıqların istismar müddəti başa çatıb. Hazırda yol infrastrukturunun, elektrik təchizatı sisteminin, rabitə və işarəvermə sisteminin durumu bəzi ərazilərdə qeyri-kafi vəziyyətdədir. Əsasən bu səbəbdən baş yolların 58%-də sürət məhdudiyyəti tətbiq edilir. Bizim üçün ADY-nin dəyərlər sistemi, o cümlədən təhlükəsizlik amili olduqca vacibdir. Ona görə də daşımalarda təhlükəsizliyin təmin edilməsi bizim üçün daha vacibdir, nəinki sürət.

Yeri gəlmişkən, şimal istiqamətində Sumqayıt- Yalama istiqamətində iki xətli müasir standartlara uyğun dəmir yolu xətti inşa edilir. Aparılan tikinti işlərinə görə qatarların orta sürəti hazırda 25-30 km-saatdan çox deyil. Bu da yüklərin sürətlə daşınmasına əngəl törədir. Cənub istiqamətində isə qatarların maksimal sürəti 80, minimal sürət isə 20 km-saatdır. Biz ölkəboyu daşımaları eyni anda dayandırıb infrastrukturu yeniləyə bilmərik, bu işlər yük daşımalara maksimum şərait yaradılmaqla mərhələli şəkildə aparılır.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da köhnəlmiş dəmir yolu infrastrukturu yeni qatarların hərəkətinə, bütövlükdə sənayenin inkişafına əngəl ola bilər. Köhnə yollar, stansiyalar və işarəvermə sistemləri təkcə qəza riskini artırmır, həm də avtomatlaşdırma və idarəetmə sistemləri kimi müasir texnologiyaların tətbiqi imkanlarını məhdudlaşdırır.

- Belə məlum olur ki, köhnəlmiş dəmir yolu infrastrukturu bir çox problemlərə səbəb ola bilər.

- Əlbəttə. Köhnəlmiş dəmir yolu infrastrukturuna xüsusi diqqət ayrılmalıdır. Ömrünü başa vurmuş infrastruktur ekoloji cəhətdən də daha az səmərəli olur. Bu da ətraf mühitin çirklənməsinə və ekosistemlərə mənfi təsirlərə səbəb ola bilər.

Problemlərdən biri də dəmir yollarının tam elektrikləşdirilməməsi ilə bağlıdır. Azərbaycan dəmir yolu şəbəkəsinin 63 faizini elektrikləşmiş yollar təşkil edir. Təkcə bir məlumatı deyim ki, Abşeron dairəvi dəmir yolu xəttində elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Müstəqilliyin ilk illərindən etibarən Abşeron dairəvidə sərnişin qatarlarının hərəkəti dayandırılmışdı. Yalnız 2015-cı ildə yenidən qurulmuş Bakı və şəhərətrafı marşrut üzrə sərnişindaşıma bərpa olundu. Amma bu illər ərzində elektrik, rabitə-işarəvermə, kontakt şəbəkəsi sistemləri olduğu kimi qalıb. Bu gün şəhərətrafında sabit cərəyan sistemində aidiyyəti təmir işlərinin aparılmasına ciddi ehtiyac yaranıb. Avadanlıq və qurğuların böyük bir qismi istismar müddətini çoxdan başa vurub.

Nəzərə alsaq ki, Abşeron dairəvi marşrutu üzrə ADY gündəlik 31 mindən çox sərnişin daşıyır hərəkətin təhlükəsizliyi üçün infrastrukturun saz vəziyyətdə olması şərtdir. Bu baxımdan biz 6 aprel tarixindən etibarən Pirşağı-Sumqayıt sahəsində proflaktik işlərin görülməsi üçün texniki fasilə götürəcəyik. Sentyabra kimi davam edən bu proses Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə qeyri-pik saatlarda qatar reyslərinin sayının azaldılması ilə müşayiət olunacaq. Nəzərə alsaq ki, artıq aprel ayıdır və yaxın aylarda məktəblər və təhsil müəssisələrində yay tətili başlayacaq, nisbətən sərnişin tələbatı azalacaq və bu baxımdan texniki fasilə üçün bu vaxt aralığını seçmişik.

- Sentyabr ayında texniki fasilə bitdikdən sonra həmin xətt üzrə sərnişinləri hansı yeniliklər gözləyir?

- İlk növbədə hərəkətin təhlükəsizliyi üçün infrastruktur sahəsində təmir işləri yekunlaşacaq. İşarəvermə-rabitə qurğularının, kontakt şəbəkə sistemi, elektrik sahəsi və yol təsərrüfatında çoxdan ehtiyac duyulan kompleks işlər görüləcək. Təmir işləri yekunlaşdıqdan sonra infrastrukturda baş verən nasazlıqlar səbəbindən qatarların yolda qalması, gecikməsi kimi hallar azalacaq, qatarların daha sürətlə hərəkəti təmin olunacaq və sərnişin məmnuniyyəti yüksələcək.

- Digər ölkələrdə infrastrukturla bağlı vəziyyət nə yerdədir?

- Sürətli texniki tərəqqi dövründə bütün dünyada dəmir yolu sistemləri modernləşmə ilə bağlı problemlərlə üzləşir. Yaşlanan infrastruktura misal olaraq dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-nin dəmir yolu şəbəkəsini göstərmək olar. Orada dəmir yollarınn bir çox hissələri yüz ildən çoxdur tikilib, müasir təhlükəsizlik və səmərəlilik tələblərinə uyğunlaşdırılmayıb. Bu səbəbdən də ABŞ dəmir yollarında tez-tez qəzalar baş verir.

O ki qaldı qatarların gecikməsinə, bu, bütün ölkələrdə qeydə alınır. Bunun da səbəbi aydındır: əlverişsiz hava şəraiti, texniki problemlər, köhnə infrastruktur.

Müasir dəmir yolu infrastrukturuna investisiyalar isə sənayeni inkişaf etdirə və vətəndaşların həyat səviyyəsini yüksəldə bilər. Məsələn, Avropada dəmir yollarının modernləşdirilməsi üzrə davamlı səylər dayanıqlı inkişafa, karbon emissiyalarının azaldılmasına töhfə verir. Avropa təcrübəsi köhnəlmiş dəmir yolu infrastrukturu problemi ilə üzləşən digər ölkələr üçün, belə demək mümkünsə, ruhlandırıcı nümunədir.

- Sadalanan problemlərin həlli üçün nə kimi addımlar atılmalıdır və hansı işlər görülür?

- Bu problemlərin həlli üçün modernləşdirməyə sərmayə qoyuluşu, təkmilləşdirilmiş idarəetmə, kadr hazırlığı və istismarda ətraf mühitin mühafizəsi məsələlərini əhatə edən kompleks yanaşma tələb olunur.

Köhnəlmiş infrastruktur problemini aradan qaldırmaq üçün dəmir yolu şəbəkələrinin müasirləşdirilməsi və yenidən qurulması üçün səylər göstərilməlidir. Buraya köhnə relslərin dəyişdirilməsi, müasir işarəvermə və nəqliyyatın idarə edilməsi sistemlərinin tətbiqi, stansiyaların yenidənqurulması daxildir. Dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə yatırılan investisiyalar sənayenin təhlükəsizliyini, səmərəliliyini və rəqabət qabiliyyətini artıracaq, həmçinin ümumi iqtisadi artım və inkişafı stimullaşdıracaq.

Ötürücülük qabiliyyəti yüksək olan dəmir yolu infrastrukturu yük və sərnişin daşımalarının səmərəliliyini artırır, bu da öz növbəsində iqtisadi inkişafa kömək edir və regional əlçatanlığı yaxşılaşdırır, eyni zamanda tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılmasına xidmət edir.

Köhnəlmiş infrastrukturun bərpası, ölkə ərazisindən keçən tranzit marşrutların buraxılış qabiliyyətinin artırılması hökumətin nəzarətindədir. Bu istiqamətdə işlər ardıcıl və davamlı olaraq görülür. Biləcəri–Yalama sahəsində yol, Bakı–Böyük Kəsik sahəsində işarəvermə və elektrik təchizatı infrastrukturlarının yenidən qurulması işləri aparılır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz–Ağbənd və Bərdə–Ağdam sahələrində infrastrukturun qurulması işləri sürətlə davam etdirilir.

- İnfrastruktur sahəsində sadaladığınız problemlər fonunda hansı işləri görməyə nail olmusunuz?

- Bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün 2023-cü ildən başlayaraq ADY infrastrukturun sağlamlaşdırılması, istismar müddətini tamamlamış yolların əsaslı təmir olunması, çeşidlənmə parkı və lokomotiv depolarının yenidən qurulması kimi qısa müddətdə xeyli işlər görüb. Artıq bir ildən çoxdur ki, əksər sahələrdə köhnə infrastrukturun müasirləşdirilməsi istiqamətində əsaslı təmir-bərpa işlərinə start verilib. Belə ki, 2023-cü ildə mövcud yol infrastrukturunun təmiri və bərpası üzrə işlər çərçivəsində ümumilikdə 16 km yolda rels dəyişdirilib. Əsasən neft məhsullarının daşındığı Keşlə, Biləcəri stansiyalarında və Yeni Suraxanı–Suraxanı, Yeni Suraxanı–Hövsan sahələrində 22 km yol əsaslı təmir olunub.

Hazırda departament ümumi uzunluğu 4234 km olan dəmir yolu xətlərinə texniki qulluq həyata keçirir. Qeyd edim ki, infrastrukturun 70 faizini baş yollar, 30 faizini isə stansiya yolları təşkil edir.

Hərəkətin təhlükəsizliyini təmin etmək baxımından sərnişin və yük qatarlarının hərəkət etdiyi əsas baş yollarda gündəlik olaraq günorta və axşam saatlarında texniki fasilələr götürülərək yol təsərrüfatında monitorinqlər aparılır.

Bununla yanaşı infrastrukturun işlək vəziyyətini yoxlamaq üçün ayda bir dəfə müasir diaqnostika kompleksindən istifadə olunur. Belə ki, yolun bütün həndəsi parametrləri, kontakt şəbəkəsi, tikinti və qurğuların istismar vəziyyəti standartlara uyğun yoxlanılır, rels-şpal, çınqıl və yolun ayri-ayrı elementlərində olan qüsurlar vaxtında aşkar edilir və mümkün kənaraçıxmalar öncədən müəyyən olunur. Əldə olunan məlumatlar dərhal vaxt itirilmədən elektron platforma üzrəindən aidiyyəti xidmət sahəsinin işçilərinə göndərilir. Aradan qaldırılan uyğunsuzluqları da elə elektron platforma üzərindən izləmək olur.

Ötən il İnfrastruktur departamentinin əməkdaşlarının ciddi səyi nəticəsində Bakı–Gəncə qatarının marşrutu Ağstafa stansiyasına qədər uzadılıb. Dəmir yolu şəbəkəsi üzrə müxtəlif sahələrdə istismar müddəti bitmiş 21,5 km yol əsaslı təmir olunub.

Həmçinin ötən il Biləcəri çeşidləmə parkının yenidən qurulmasına başlanılıb. Biləcəri çeşidləmə parkı Azərbaycan dəmir yollarında ən mühüm strateji obyektlərdən biridir və yeganə çeşidləmə parkıdır. Adından da göründüyü kimi, ölkə ərazisi ilə daşınan yüklər, vaqonlar təyinatı üzrə məhz burada çeşidlənir və aiddiyyəti istiqamətlər üzrə göndərilir.

Bu parkda yollar keçən əsrin 1959–1962-ci illərində inşa edilib və həmin vaxtdan yenidənqurma işləri aparılmayıb. Uzun illər təmir işlərinin aparılmaması yolların, vaqon yavaşıdıcılarının istismar müddətinin bitməsinə səbəb olmaqla qatarların hərəkətinin təhlükəsizliyinə ciddi risk yaradırdı.

Layihə üzrə işlər başa çatandan sonra çeşidləmə parkında qatarların təhlükəsiz və sürətli çeşidlənməsi tam və uzun müddətli mümkün olacaq.

Ümumiyyətlə dəmir yolu infrastrukturunun əsaslı təmiri üzrə nüfuzlu məsləhətçi şirkətlərlə əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində ADY-nin infrastrukturunun vəziyyəti, texniki xidmətin təşkili və onun səmərəliliyi qiymətləndirilib. ADY-nin infrastrukturuna göstərilən texniki xidmət proqramları, prosedurları və standartlarında, eləcə də infrastruktura texniki xidmət üzrə fəaliyyətin təşkili və idarə olunmasında zəruri olan təkmilləşdirmələr və ya dəyişikliklər müəyyən edilib. Növbəti 10 il ərzində infrastrukturda texniki xidmətin aparılması üzrə əməliyyat planı hazırlanıb. Təklif olunan təşkilati dəyişikliklərin həyata keçirilməsi üçün keçid planı hazırlanıb.

- 2024-cü ildə infrastruktur sahəsində hansı işlərin başa çatdırılması nəzərdə tutulur?

- İlk növbədə Biləcəri çeşidləmə parkında başlamış əsaslı təmir işlərini tamamlamalıyıq. Bundan başqa, 4 ədəd yarımstansiya və 7 ədəd dartı yarımstansiyası əsaslı təmir olunmalıdır. 2024-cü ildə Böyük Kəsik stansiyasında fasiləsiz avtomatik lokomotiv işarəvermə sexi bərpa olunacaq.

Həmçinin bu il görülməli işlər arasında şəhərətrafı 20 km-lik yolun yenidən qurulması, Bakı–Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi və yenidən qurulması, Yalama stansiyasında təmir işləri və s. Hazırda Yalama stansiyada gün ərzində Rusiya Federasiyasından 10 cüt qatar qəbul edilərək göndərilir. Mövcud infrastrukturun genişləndirilməsi nəticəsində bu göstəricinin 12 cütə çatdırılması planlaşdırılır.

Bundan başqa, 43 ədəd maşın mexanizm və xüsusi nəqliyyat vasitəsinin alınması nəzərdə tutulur. Qabaqcıl dəmir yolları təşkilatlarında tətbiq olunan “European rail traffic management” və ABŞ-də istifadə olunan “Positive train control” rabitə və işavermə sistemlərinin ADY-də tətbiq olunması planlarımıza daxildir.

- Müasir dövrün çağırışlarını nəzərə alaraq dəmir yolu infrastrukturunun gələcəyini necə görürsünüz?

- Dəmir yolu infrastrukturumuzun gələcəyini müasir, səmərəli və ekoloji cəhətdən dayanıqlı olaraq görürük. Biz sürəti artırmağa, istismar xərclərini azaltmağa və ətraf mühitə təsirimizi azaltmağa imkan verən dəmir yollarımızın daha çox elektrikləşdirilməsinə hədəflənmişik.

Həmçinin infrastrukturdan istifadəni optimallaşdırmağa və nəqliyyat təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək avtomatlaşdırma və smart idarəetmə sistemləri kimi yeni texnologiyaların tətbiqinə köklənmişik.

ADY-nin 2030-cu ilə kimi nəzərdə tutulmuş Strateji Sənədinə əsasən infrastruktura iri həcmdə sərmayələrin yatırılması, mərhələli şəkildə ölkəboyu infrastrukturun yenilənməsi və rəqəmsallaşması qarşımızda duran əsas tapşırıqlardandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR