Paşha Bank
Bank Of Baku

Anar Quliyev: Azərbaycanda 68 şəhər üçün iyirmi illik baş plan hazırlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

© APA | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

# 26 sentyabr 2026 11:22 (UTC +04:00)

Azərbaycanın 79 şəhərindən 68-i üçün 20 illik Baş plan hazırlanıb, digər şəhərlər üzrə isə müvafiq sənədlərin təsdiqi prosesi davam edir.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda şəhərsalma yanaşması strateji ərazi planlaşdırılması, müasir infrastruktur, dayanıqlı inkişaf və daha proqnozlaşdırılan inkişaf mühitinə əsaslanır.

“Şəhər transformasiyası baxışla başlayır, lakin baş planlaşdırma vasitəsilə reallığa çevrilir”, - Anar Quliyev qeyd edib.

Komitə sədrinin sözlərinə görə, baş planlar yalnız tənzimləyici sənəd deyil, həm də yaşayış, infrastruktur, mobillik, iqtisadi fəaliyyət, ətraf mühit və həyat keyfiyyətini bir araya gətirən çərçivədir.

O əlavə edib ki, şəhərsalma və tikinti sektorunda yaşıl tikinti prinsipləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, rəqəmsal icazə və rəqəmsallaşma getdikcə daha mühüm rol oynayır.

Anar Quliyev Bakının Baş Planı 2040-ın paytaxtın inkişafı üçün uzunmüddətli çərçivə yaratdığını bildirib. Onun sözlərinə görə, sənəd yeni şəhər ərazilərinin inkişafını, mövcud ərazilərin yenilənməsini və yeni investisiya imkanlarının formalaşdırılmasını nəzərdə tutur.

Komitə sədri qeyd edib ki, keçmiş sənaye ərazilərinin yenidən inkişaf etdirilməsi də Bakının şəhərsalma potensialının genişləndirilməsi baxımından mühüm istiqamətlərdəndir.

O, Bakıdakı “White City” layihəsini keçmiş sənaye ərazisinin ekoloji bərpası və kompleks yenidən inkişafına nümunə kimi göstərib.

Anar Quliyev “Sea Breeze” layihəsinin də Bakının daha çoxmərkəzli şəhər strukturunun formalaşmasına və yeni inkişaf məkanının yaradılmasına töhfə verdiyini vurğulayıb.

“Bizim məqsədimiz ayrı-ayrı layihələrə deyil, tam planlaşdırılmış və investisiya baxımından cəlbedici urbanizasiyaya keçməkdir”, - o bildirib.

Komitə sədri beynəlxalq investorları, developer şirkətləri və maliyyə institutlarını Azərbaycanın şəhərsalma layihələrində iştirak etməyə çağırıb.

O qeyd edib ki, Azərbaycan xarici tərəfdaşlarla kapitaldan əlavə, beynəlxalq təcrübə, innovativ inkişaf modelləri, texnologiyalar və uzunmüddətli yanaşmalar sahəsində əməkdaşlığa hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR