Beynəlxalq Astronavtika Konqresi ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcək, o cümlədən Azərbaycana, həmçinin regiona kosmik ekosistemin qurulması və inkişafında aparıcı qüvvə kimi çıxış etmək imkanı qazandıracaq.
"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələr ilə görüş zamanı "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir.
Konqresdə bütün dünyadan olan elm insanları kosmosun imkanlarına həsr olunmuş 180-dən çox texniki sessiyada iştirak edə biləcək.