"IT Hub Azerbaijan"layihəsini uğurla bitirənlər beynəlxalq İT şirkətlərdə işlə təmin ediləcək.
"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən "IT Hub Azerbaijan" layihəsinin açılışında Mərkəzin İcraçı direktoru Tamerlan Tağıyev deyib.
O bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə həyata keçirilən layihəyə Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Naxçıvan Muxtar Respublikasından olan gənclər qatıla biləcək.
"Onlar həm də Azərbaycanda qalmaqla beynəlxalq müstəvidə fəaliyyət göstərən şirkətlərdə işlə təmin edilə biləcək və ölkəmizdə qalaraq bu səhənin inkişafına töhfə verəcəklər"- Tamerlan Tağıyev deyib.
Qeyd edək ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. Layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaq.
İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə 7 mart 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər: bit.ly/3X1IXhy