Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb - FOTO

Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb - FOTO
# 31 mart 2023 15:10 (UTC +04:00)

Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib.

Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev deyib.

O bildirib ki, bərpası mümkün olan evlərin tikintisi tamamlanır, dam örtüklərinin vurulması yekunlaşır: “Eyni zamanda, fasad, dekor və interyer işləri paralel olaraq davam etdirilir”.

Memarın sözlərinə görə, Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün 9 su anbarı, yağış sularının toplanması üçün 3 anbar və təmizləyici qurğunun tikintisi davam etdirilir.

Elnur Abdullayev Laçında sakinlərin iş yerləri ilə təmin olunması üçün müəyyən müəssisələrin – idman sağlamlıq kompleksləri, uşaq bağçaları və digər bu kimi inzibati binaların tikintisinin davam etdirildiyini qeyd edib.

O bildirib ki, həmçinin Zabux və Sus kəndlərində də tikinti-quruculuq işləri aparılır.

Memar diqqətə çatdırıb ki, kəndlərdən birində 224 ev, digərində isə 73 ev nəzərdə tutulub, amma bu rəqəmlər dəyişə bilər. O əlavə edib ki, evlər müasir standartlara cavab verir.

Elnur Abdullayev işğal zamanı Laçın şəhərinin yaşıllıq zonasının ekoloji terrora məruz qaldığını deyib. O bildirib ki, buna baxmayaraq, yaşıllıq zonalarının salınması, ağacların əkilməsi, parkların salınması istiqamətində də işlər görülməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR