Ekipajsız sualtı aparatları laboratoriyaların hüdudlarından kənara çıxaraq biznes və elm üçün iş alətinə çevrilib. Bu aparatların sayəsində insanın fəaliyyət göstərməsinin çətin və ya təhlükəli olduğu yerlərdə təhlükəsiz şəkildə işləmək mümkün olur.
Bu gün biz sualtı dronlardan, onların elmdə, dəniz faunasının və dəniz dibinin tədqiqində, xilasetmə və axtarış əməliyyatlarında, boru kəmərlərinin və sualtı infrastrukturun digər obyektlərinin yoxlanılmasında, eləcə də hərbi sahədə tətbiqindən danışacağıq.
Müsahibimiz dünyada ekipajsız sualtı aparatların aparıcı tərtibatçılarından birini təmsil edən Avtandil Məmmədovdir.
- Avtandil müəllim, ekipajsız sualtı aparatlara marağınız nə ilə bağlıdır? Bu, dəbdə olan bir istiqamətdir, yoxsa həqiqətən praktiki əhəmiyyət daşıyır?
İlk növbədə qeyd edək ki, “ekipajsız sualtı aparat” termini müəyyən qədər düzgün deyil. Mənim fikrimcə, belə adlandırma daha çox iri sualtı aparatlara aiddir. Biz isə iki fərqli addan istifadə etməliyik – uzaqdan idarə olunan sualtı aparatları (ingilis dilində abreviatura ROV - Remotely Operated Vehicle) və avtonom sualtı aparatları (ingilis dilində abreviatura AUV - Autonomous Underwater Vehicle).
ROV operator tərəfindən kabel bağlantısı vasitəsilə idarə olunur. AUV isə daha avtonom aparatdır. Baxmayaraq ki, ona müxtəlif rabitə kanalları vasitəsilə ayrı-ayrı komandalar ötürülür. Bunlara akustik kanal, AUV suyun səthində olduğu zaman radioəlaqə və digər rabitə üsulları daxildir.
Mənim marağıma gəldikdə isə, bu, belə aparatların kifayət qədər praktiki tətbiq imkanlarına və onların, o cümlədən süni intellektin köməyi ilə getdikcə genişlənən istifadəsinə əsaslanır.
- Hazırda ROV və AUV bazarının vəziyyəti necədir? Bu sahədə tələb və təklif arasında balans necədir?
Bildiyiniz kimi, sürətlə inkişaf edən yüksək texnologiyalar mühitində, o cümlədən ROV və AUV sahəsində təklif çatışmazlığı yoxdur.

Lakin mübaliğəsiz demək olar ki, bu sahədə, bir çox digər istiqamətlərdə olduğu kimi, bu gün dünya liderliyi Çin şirkətlərinə məxsusdur. Xüsusilə, Pelagix-i bu gün ROV və AUV sahəsində işləyən şirkətlər arasında bir nömrə adlandırardım.
Reklam etməmək üçün adlarını çəkməyəcəyəm, lakin mənim fikrimcə, ABŞ və Fransadan olan daha iki şirkət də var. Onlar Pelagix-dən müəyyən qədər geri qalsalar da, AUV və ROV tərtibatçıları və istehsalçıları arasında dünya reytinqində kifayət qədər layiqli yer tuturlar.
- Hansı meyarlara əsasən Çin şirkəti Pelagix-in digər AUV tərtibatçıları və istehsalçıları ilə müqayisədə unikal olduğunu düşünürsünüz?

İlk növbədə, bu, geniş inkişaf diapazonudur. Bu diapazon 6 saatlıq avtonom iş müddətindən 270 saatlıq avtonom iş müddətinə qədər, dalışın əməliyyat dərinliyi isə 6000 metrədək dəyişir. Qarşıda duran vəzifələrdən asılı olaraq bu qədər geniş seçim imkanını heç bir şirkət təklif etmir.
Bundan əlavə, Pelagix tərəfindən hazırlanmış AUV-lərin istismar rahatlığı və istismar xərcləri onun texnologiyalarını unikal edir.
Məsələn, AUV-lərin istismarında ən çox xərc tələb edən vəzifələrdən biri əməliyyatlararası enerji yüklənməsi və məlumatların yüklənməsidir. Dünyadakı bütün tərtibatçılar bu istiqamətdə AUV-lərin sahildə və ya gəminin göyərtəsində xidmət göstərilməsinə üstünlük verirlər.

Pelagix isə bu ənənəvi xidmət üsulları ilə yanaşı, analoqu olmayan bir sistem də təklif edir. Bu sistem dənizdə yerləşən sualtı tutucudan və dok-stansiyadan ibarətdir. Belə sistem AUV-nin gəminin göyərtəsinə və ya sahilə qaldırılmasını tələb etmir. Xidmətlə bağlı bütün əməliyyatlar, o cümlədən akkumulyatorların doldurulması, suda, dənizdə yerləşən dok-stansiyada həyata keçirilir.
Bu gün dünyada heç bir şirkət AUV-lərə xidmət göstərmək üçün belə infrastruktur təklif etmir.
- AUV və ROV-lərin Azərbaycanda tətbiqi perspektivləri ilə bağlı nə deyə bilərsiniz? Digər dövlətlərin təcrübəsi fonunda bu perspektivləri necə qiymətləndirirsiniz?
Yuxarıda qeyd etdiyimiz kimi, AUV və ROV kifayət qədər geniş spektrdə vəzifələri yerinə yetirə bilər. Siz perspektivlərin ən əyani nümunəsini soruşursunuz.
Gəlin, 2026-cı il iyunun 21-də baş vermiş və neft kəmərində baş verən qəza nəticəsində neftin Xəzər dənizinin sularına axması ilə nəticələnən kədərli hadisəni xatırlayaq. Boru kəmərlərinin, kabellərin, svayların, dayaqların, körpülərin və platformaların sualtı hissələrinin, o cümlədən neft-qaz şirkətləri və energetika sahəsinin maraqları çərçivəsində AUV-lərin köməyi ilə mütəmadi və ilin istəniln fəslində, gecə və ya gündüz fərq etməz, yoxlanılması belə qəzaların qarşısını ala bilər.
Dəniz dibinin xəritələndirilməsi, çoxşüalı exolotlar və yan sonarların köməyi ilə relyef xəritələrinin hazırlanması, gəmilərin belə xəritələrlə təmin edilməsi isə gəmilərin lövbərləri vasitəsilə boru kəmərlərinə və kabellərə zərər dəyməsini tamamilə istisna edə bilər.
Zaman keçdikcə dəniz dibi spesifik istehsal meydançasına çevriləcək. Məsələn, Çində suyun altında, dəniz dibində məlumatların emalı mərkəzi, süni intellekt üçün hesablama infrastrukturu fəaliyyət göstərir.

İspaniyada isə dəniz dibində şərabların yetişdirilməsi üçün çənlər yerləşdirilir. Burada qaranlıq və sabit temperatur şərabların yetişməsi üçün ideal şərait yaradır.
Bütün bu nümunələr yaxşıdır, lakin xidmət yalnız dalğıcların qüvvəsi ilə həyata keçirildikdə onların istismarı kifayət qədər mürəkkəbdir. Avtonom sualtı aparatların tətbiqi ilə isə belə istehsal dövrləri iqtisadi baxımdan məqsədəuyğun və texnoloji cəhətdən daha əlçatan olur.