Bank Of Baku

Uzaq Şərqin böyük kəşfi - Baykal Amur Magistralı

Uzaq Şərqin böyük kəşfi - Baykal Amur Magistralı
# 15 iyul 2023 16:45 (UTC +04:00)

Post-Sovet dövrünün ən böyük tikinti layihələrindən biri olan BAM-ın, Baykal-Amur magistral xəttinin son mərhələsinə başlamasından 49 il keçir.

Sovet dövründə bu üç hərf BAM layihəsinə görə ürəyini, canını və göz yaşını qoyan minlərlə insan üçün sözlərin ifadə edə biləcəyindən daha çox məna kəsb edirdi. Əbəs yerə deyildi ki, Baykal-Amur magistral xəttini “Əsrin layihəsi” adlandırırdılar. Şərqi Sibiri Uzaq Şərqlə birləşdirən, Trans-Sibir dəmir yoluna alternativ paralel marşrut kimi çəkilmiş BAM təxminən 4324 kilometr uzunluğundadır və layihənin tamamlanması ümumilikdə 28 il çəkib. BAM-ın bəzi hissəsi hər zaman buz bağlamış yollar üzərində, insanların çoxunun yaşaya bilmədiyi yerlərdə salınıb ki, bu da layihənin necə çətin şərtlər altında icra edildiyini anlamaq üçün kifayət edir. Yəqin buna görə idi ki, bu çətin layihənin tikintisinə cəlb olunan inşaatçıların 70%-i 30 yaşdan aşağı insanlar idi. Lakin bu o demək deyildi ki, orada yaşlı nəsil yox idi.

Əsasən mühəndis və yol infrastrukturunun salınmasında iştirak edən yaşlı nəslin nümayəndələri də bu layihənin icrası üçün gənclərlə öz bilik və bacarıqlarını bölüşürdülər.

BAM-ın tikintisində iştirak edən Aleksandr Qradusov öz xatirələrində qeyd edir ki, -45 dərəcə selsidə şəraitsiz bir evdə yaşayıblar.

“Çətin olsa da, ruhlandırıcı idi. Həyat yoldaşımla orada evləndik və qızımız orada doğuldu. Çətin şəraitə baxmayaraq, hər şeyimiz var idi. Qızımızın doğulacağı vaxt bizi xəstəxanaya aparmağa gələn helikopter kimi görəcəyimiz işlər həyat üçün lazım idi”. O, 30 il ərzində BAM-ın həyatını necə formalaşdırdığını düşünərkən qeyd edir ki, orada ailə qurdu və bir layihə üzərində işləyərkən ömürlük dostlar qazandı, hansı ki, hələ də onlarla əlaqə saxlayır: “Bu, BAM-ın məqsədi idi. Təkcə dəmir yolunun deyil, həm də insanların həyatının tikintisi də baş verirdi”.

Baykal Amur Magistralı ilə bağlı maraqlı statistika da mövcuddur. Belə ki, BAM-da tikinti işləri cəbhəsi açılandan indiyədək 400 min kvadratmetrdən çox yaşayış sahəsi fəhlələrə təhvil verilib. Bura məktəblər, uşaq bağçaları, klublar, klinikalar, mağazalar, kinoteatrlar daxildir. Bununla yanaşı Sibir şəhər və qəsəbələrinin yeni

sakinlərinin tələbatını ödəyəcək daha 800 min kvadratmetr mənzil tikintisi planlaşdırılır. Bundan başqa, tikintinin aparıldığı qızğın on il ərzində magistralın bütün uzunluğunda 60 min uşaq doğulub.

Baykal-Amur magistralının ərsəyə gəlməsi

XX əsrin əvvəllərində ölkənin şimal ərazilərindən - Trans-Sibir Dəmir Yolu ilə paralel eninə magistrallardan keçən dəmir yolunun çəkilməsi üçün xeyli sayda irimiqyaslı layihələr hazırlanır. 1920-ci illərdə Baykal gölünü şimal tərəfdən keçəcək, Sakit Okeana qədər uzanacaq dəmir yolu marşrutunun layihələndirilməsi üzərində iş başlayır. Elə həmin dövrdə bu bölgədəki ərazinin topoqrafik kəşfiyyatı işlərinə başlanılır və 1930-cu ildə layihə Baykal-Amur magistral xətti adlandırılır. 1932-ci il aprelin 13-də SSRİ Xalq Komissarları Soveti “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar verir. Bunun ardınca gələcək magistralın istiqaməti Taişətdən Sovetskaya Qavana qədər müəyyən edilir. Və beləliklə, 1938-ci ildə əsas tikinti işlərinə başlanılır.

BAM-ın ilk hissəsi tikintisi üçün əsas işçi qüvvə məhbuslar idi. SSRİ rəhbəri İosif Stalin dövründə məhbusların kütləvi şəkildə bu layihəyə cəlbi, ağır iş şəraiti və həbsxana əməyinin geniş tətbiqi ad çıxarır. Bütün ağır şərtlərlə 1940-41-ci illərdə Trans-Sibir Dəmiryolunu gələcək BAM ilə birləşdirən ilk dəmir yolu xətti tikildi. Lakin işlər sonradan dayandılır.

II Dünya müharibəsi bitdikdən sonra BAM-ın tikintisi davam etdirilir. 1967-ci ildən BAM-ın tikintisinin yeni mərhələsinə hazırlıq məqsədilə genişmiqyaslı layihə-axtarış işləri bərpa edilir.

70-ci illərin sovet layihəsi isə çox fərqli bir iş idi və o vaxtkı Sovet rəhbəri Leonid Brejnev həmin dövrdə məşhur olan ifadəni işlədir: “BAM yalnız təmiz əllərlə tikiləcək”. Bu ifadəni açıqlaması idə belə idi:

“Bu yeni layihə insanları bir araya gətirmək, şərait nə qədər çətin olsa da, insanların xeyrinə işləmək istəyənləri birləşdirmək məqsədi daşıyırdı. Layihədə bir çox işçi təbəqəsi, eyni zamanda mühəndislər, elm adamları və digər mütəxəssislər iştirak edirdi. Bu, hava və əraziyə görə çoxlu gözlənilməz problemləri olan həddindən artıq çətin tikinti işlərini etiva edirdi. Buna görə də tikinti işlərinə cəlb olunan insanlar layihədə iştirak etməyi və işi bitirməyi xüsusi şövqlə istəməli idilər”.

1974-cü ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərarı çıxdı. BAM ümumittifaq tikinti meydançası elan edildi və həmin andan tikintinin əsas mərhələsi başladı. Beləliklə, 1974-cü ilin 27 aprel tarixində Yaroslav vağzalından Baykal-Amur magistral xəttinin tikintisi üçün ilk tikinti heyəti yola düşdü. Onun əsas iştirakçıları Sovet İttifaqının hər yerindən gələn komsomol inşaatçıları idi. Sonrakı 10 il ərzində magistralın bütün uzunluğu boyunca genişmiqyaslı tikinti işləri aparıldı. Dəmir yolu ilə birlikdə yeni qəsəbələr, infrastruktur tikildi.

Heydər Əliyev - Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri kimi

1982-ci il noyabrın 22-də SSRİ-də yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. O zamankı infrastruktur layihələri ilə yaxnından maraqlanan Heydər Əliyev SSRİ Yollar Nazirliyi, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin geniş kollegiya iclasından sonra BAM-ın tikinti işləri ilə şəxsən tanış olmaq üçün bölgəyə səfər edir və Baykal-Amur magistralının tikintisi ilə əlaqədar 1 ay sonra keçirilən Sov. İKP MK Siyasi Bürosunda çıxış edir. Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev növbəti dəfə 1984-cü il iyunun 3-dən 10-dək regionda oldu, fəhlə və mütəxəssislərlə görüşdü, tikinti obyektlərinə baxış keçirdi. SSRİ Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov sonralar layihənin tikintisi ilə əlaqədar görülən işlərə nəzarət etmək üçün Heydər Əliyevin dəfələrlər bölgəyə səfər etdiyini və tikinti işlərin sürətləndirilməsi üçün lazım olan göstərişləri verdiyini açıqlamışdı.

“Biz BAM-in tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.

Rusiyalı tarixçi Vasili Novikov bildirirdi ki, Heydər Əliyevin dəmir yolları ilə birbaşa əlaqəsi olmasa da, o, layihələrin idarə edilməsi sistemini qura bilmişdi: “Heydər Əliyev yüksək idarəetmə qabiliyyətinə malik idi. Orada əsas vəzifə məhz yüksək keyfiyyətli idarəetmə sisteminin qurulmasından ibarət idi. Məncə, onun ən böyük nailiyyəti yerlərdə tikinti ilə bilavasitə məşğul olan insanlarla münasibət yaratmaq olub. Buna görədir ki, Şərqi Sibir Dəmiryolunun stansiyalarından birinə onun adı verilib. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçiril, onun xatirə lövhəsi açılıb”.

Rusiya Prezidentinin köməkçisi İqor Levitin Partiya Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü kimi Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olduğunu vurğulayır.

“Heydər Əlirza oğlu Əliyev BAM tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik. Heydər Əliyevin inadkarlığı və qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb. Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz bu qərarı verən insanların nə qədər müdrik olduğunu görürük. Buna görə də Rusiyanın Nəqliyyat Nazirliyinə, Azərbaycanın Nəqliyyat Nazirliyinə, dəmir yolu administrasiyalarının rəhbərlərinə və əlbəttə ki, BAM veteranlarına təşəkkür etmək istəyirəm. Mən çox şadam ki, Azərbaycanda və Rusiyada yaşayan BAM veteranları bu gün buradadırlar. Onlar Rusiya üçün mühüm əhəmiyyət kəsb edən bu magistral yolun tikilməsi üçün hər şeyi ediblər”, - deyə İqor Levitin vurğualyıb.

Rusiya Prezidentinin köməkçisi İqor Levitin çıxışında həmçinin bildirib ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi olub: “BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşmiş, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdu”.

Qeyd edək ki, Rusiyada bu nəhəng layihənin tikintisi üçün əziyyət çəkən zəhmətkeşlərin əməyi də unudulmur. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 oktyabr 1976-cı il tarixli fərmanı ilə medal təsis edilir. Bu medal sənaye obyektlərinin tikintisində fəal iştirak edən şəxslərə verilir. Medal bir qayda olaraq, tikintidə və onun təmirində azı üç il işləmiş fəhlələrə, mühəndis-texniki işçilərə və qulluqçulara verilir.

"Baykal-Amur magistralının tikintisinə görə" medalı SSRİ Ali Sovetinin Rəyasət Heyəti adından RSFSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən verilir. "Baykal-Amur magistralının tikintisinə görə" medalı ilə ilk mükafatlar 1977-ci ilin oktyabrında baş tutub. Bu medalla ilk təltif olunanlar arasında SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin bir qrup fəhlə və qulluqçusu ilə yanaşı avtomobil yolunun tikintisində iştirak etmiş sovet ordusunun hərbi qulluqçuları, zabitlər də var idi. BAM boyunca ilk qatarların işə salındığı günə qədər 10 minə yaxın insan medala layiq görülüb. 1995-ci il 1 yanvar tarixinə qədər isə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təxminən 170.030 nəfərə medal verilib.

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR