Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərkosmos» ASC digər yerli kanalları yayımladığı kimi, regional TV kanallarını da texniki olaraq yayımlamaq imkanına malikdir və bu istiqamətdə onlarla müqavilələr bağlamağa hazırdır. «APA-Economics»in xəbərinə görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, bunun üçün TV kanalları öz öhdələrinə düşən lazımi texniki hazırlıqları təmin etməlidir. Yəni peyk TV yayımın məzmununu ötürmək üçün müvafiq avadanlığa sahib olmalıdır. Bu günə kimi 3-4 regional TV kanalı milli peyk vasitəsilə yayımlanmaq üçün «Azərkosmos» ASC-yə müraciət edib, onlara lazımi texniki hazırlıqlar və kommersiya şərtləri barədə məlumat verilib.
Regional TV-lərlə bağlanacaq müqavilələr bazarın tələblərinə uyğun qurulacaq və bu zaman müəyyən güzəştlər tətbiq oluna bilər. Çünki regional TV-lərin maddi imkanları ümumrespublika üzrə yayımlanan TV-lərin maddi durumları ilə eyni deyil.
Qeyd edək ki, «Azərkosmos» ASC kommersiya təşkilatıdır və təşkilatın tətbiq etdiyi tariflər dövlət tərəfindən tənzimlənən tariflərə aid edilmir. Müvafiq olaraq tariflər bazar tələblərinə uyğun formalaşır.