Bank Of Baku

“Azərsu”: İçməli suyun keyfiyyətinin standartlara uyğunluğu nəzarətdə saxlanır

“Azərsu”: İçməli suyun keyfiyyətinin standartlara uyğunluğu nəzarətdə saxlanır
# 23 yanvar 2018 14:48 (UTC +04:00)

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Səhmdar Cəmiyyətin Mərkəzi Laboratoriyası Bakı şəhəri və regionlarda içməli suyun keyfiyyətini və tullantı sularının standartlara uyğunluğunu nəzarətdə saxlayır.

 

“Azərsu”dan bildirilib ki, içməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi,  tullantı su nümunələri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təyin olunmuş yerlərdən götürülür.

 

"2017-ci ildə Mərkəzi Laboratoriya tərəfindən su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən 15373 su nümunəsi götürülüb. Həmin nümunələr əsasında laboratoriyanın fiziki-kimyəvi və mikrobioloji analizlər şöbələri tərəfindən içməli suyun 124169 parametri təyin edilib və keyfiyyət göstəricilərində ciddi kənarlaşmalar müşahidə edilməyib. Mərkəzi Laboratoriyanın Tullantı sularının fiziki-kimyəvi və mikrobioloji analizlər şöbələrində 1009 nümunə  üzrə 9189 göstərici təyin edilib. Qeyd edək ki, tullantı su nümunələri təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və sair nöqtələrdən götürülüb", - deyə məlumatda vurğulanıb.

 

Məlumatda qeyd olunub ki, ümumilikdə il ərzində içməli və tullantı sularının 16382 nümunəsi əsasında 133 358 analiz aparılıb. Bu da 2016-cı illə müqayisədə nümunə sayında 4% faiz, göstərici sayında isə 6% faiz artım deməkdir: "2017-ci ildə Mərkəzi Laboratoriya içməli və tullantı sularının tədqiq olunan göstəricilərinin sayını da artırıb. Hazırda laboratoriyada içməli suyun 41, tullantı suların 51 olmaqla ümumilikdə 92 parametri üzrə analizlər aparılır. Ötən dövrdə laboratoriya 4 səriştəlilik testi proqramına qoşulub. ABŞ-ın ERA və Böyük Britaniyanın FAPAS şirkətləri burada aparılan analizlərin standartlara uyğunluğunu yüksək qiymətləndirərək Mərkəzi Laboratoriyanı sertifikatla təltif ediblər". 

 

Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Ümumi sahəsi 1800 kvadratmetr olan laboratoriya binası  içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. İstənilən ərazidə və şəraitdə  analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR