Bakı. Aynur Əliyeva - APA-Economics. İçməli su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların mənimsənilməsi və tətbiqi məqsədilə “Azərsu” ASC-də qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi diqqət yetirilir.
Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə daxil olan məlumata görə, “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində Səhmdar Cəmiyyətin mütəxəssislərdən ibarət nümayəndə heyəti oktyabrın 22-dən 31-dək heyəti Fransa, Əlcəzair və İspaniyada səfərdə olub. Səfər müddətində mütəxəssislər “Suez Environnement” şirkətinin Paris, Orlean, Əlcəzair və Barselona şəhərlərində fəaliyyəti və həyata keçirdiyi layihələrlə tanış olub, təcrübə mübadiləsi aparıblar.
Fransanın Orlean şəhərində “Suez Environnement” şirkətinin istismar etdiyi tullantı sularının təmizləmə məntəqəsinə səfər təşkil olunub. Səfər zamanı mütəxəssislərə tullantı və yağış sularının idarə olunması sistemlərinin iş prinsipləri barədə ətraflı məlumatlar verilib. Nümayəndə heyətinin “Suez Environnement” şirkətinin Parisdə yerləşən tədqiqat mərkəzində keçirdiyi görüşdə şirkətin icra etdiyi layihələrin ətraf mühitə təsiri məsələləri müzakirə edilib. Həmçinin “Suez Environnement” şirkətinin muzeyinə də baxış keçirilib.
Əlcəzairə səfər çərçivəsində nümayəndə heyəti Əlcəzair şəhərində Sutəmizləyici məntəqədə olub, burada yerləşən laboratoriyaya baxış keçirib. Qonaqlara “Suez” şirkətinin Əlcəzairdə tətbiq etdiyi Wikti qiymətləndirmə sisteminin nəticələri barədə məlumat verilib. Azərbaycanlı mütəxəssislər burada yaradılmış mərkəzləşdirilmiş logistika sistemi ilə tanış olub və mərkəzi anbara baxış keçiriblər. Səfər çərçivəsində “Suez Environnement” şirkətinin Əlcəzairdə gördüyü işlər haqqında nümayəndə heyətinə geniş məlumat verilib.
Nümayəndə heyətinin sonuncu səfəri İspaniya Krallığına olub. Barselona şəhərində “Aqualogiya” Təlim və Tədqiqat mərkəzini ziyarət edən nümayəndə heyətinə burada keçirilən təlimlər və aparılan tədqiqat işləri barədə ətraflı məlumat verilib. Mərkəzin kadr hazırlığı siyasəti ilə tanış olun mütəxəssislər daha sonra Barselona şəhərinin sutəmizləyici məntəqəsi və laboratoriyasına da baxış keçiriblər.
Qeyd edək ki, “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında 12 may 2014-cü il tarixdə Bakıda imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən, qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4 500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə 250 təlimçi hazırlanacaq.