Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «1 şagird - 1 kompüter» müsabiqəsinin 9 nəfər qalibini müxtəlif hədiyyələrlə təltif edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Elektron təhsil» müsabiqəsində fərqlənən 24 iştirakçı da dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, bu il keçirilən müsabiqənin əsas mövzuları «Təhsildə internet texnologiyaları» və «Müasir məktəbdə elektron tədris resursları» olub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni təşviq etmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni üsullarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə tədris müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış pedaqoqlar, şagirdlər və valideynlərlə yanaşı, eləcə də pedaqoji ali təhsil müəssisələrinin tələbələri və doktorantlar da iştirak etmək hüququna malik olublar.
Xatırladaq ki, Azərbaycanda təhsilin inkişafına dəstək siyasəti çərçivəsində keçirilən müxtəlif sosial aksiyalarda aktiv iştirak edən «Nar Mobile» bu kimi təşəbbüslərə hər zaman dəstək verir.