Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC Bakı şəhərinin, eləcə də respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir.
Proqram çərçivəsində Gədəbəy rayonunun bu günə qədər içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndi olan Pərizamanlı kəndinin su təchizatının yaradılması layihəsi uğurla başa çatdırılıb, yeni infrastruktur istismara verilib. Bu məqsədlə Pərizamanlı kəndinə suyun verilməsi ilə əlaqədar tədbir keçirilib.
«Azərsu» ASC-nin «Birləşmiş Sukanal» MMC-nin direktoru Etibar Məmmədov vurğulayıb ki, hazırda «Azərsu»nun sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur: «Azərsu» ASC ucqar kəndlərin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görür. Bu tədbirlərin tərkib hissəsi olaraq qısa müddətdə Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemi yaradılıb. Çətin relyefə malik olmasına baxmayaraq, burada sutoplayıcı sistem, 3 ədəd anbar və nasosxana tikilib, müxtəlif diametrli borularla 12 km uzunluğunda su xətti çəkilib və hər bir evə su verilişi təmin olunub. Bununla da kəndin 720 sakini təmiz bulaq suyu ilə təmin olunub. Gələcəkdə rayonun digər kəndlərində və Gədəbəy şəhərində də su layihələrinin icrasını planlaşdırırıq».
Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən «Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemlərinin yaradılması» layihəsi kəndin 720 sakininin içməli su probleminin həllinə hesablanıb. Layihəyə əsasən, istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığındakı Kərəm, Sarı və Qarabulaq bulaqları seçilib. Bulaq sularının toplanaraq anbara çatdırılması məqsədi ilə polietilen borulardan 670 metr uzunluğunda suyığıcı xətlər quraşdırılıb, həcmi 100 kubmetr olan anbar və nasos stansiyası tikilib. Kənd əhalisinin fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə relyef baxımından yüksək ərazidə hər birinin tutumu 100 kubmetr olan 2 ədəd əlavə su anbarı inşa edilib və nasoslarla su mənbədəki anbardan bura qaldırılır. Yüksəklikdəki anbarlardan suyun kəndə nəqli məqsədi ilə polad borularla 1 122 metr uzunluğunda magistral su xətti çəkilmiş, 12,4 km uzunluğunda daxili şəbəkə yaradılıb.
Qeyd edək ki, qonşuluqda yerləşən 20 təsərrüfatdan ibarət Totuxlu kəndinə də bu mənbədən suyun verilməsi nəzərdə tutulur.