Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb.
Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin bu sertifikata layiq görülməsini böyük uğur hesab edir: “Yarandığı ilk gündən etibarən Azercell İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş Sertifikatını əldə edib. 2018–ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək, Qızıl Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2017-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 23.338.153,45 USD sərmayə qoyulub ki, bu da kifayət qədər böyük göstəricidir. Fəaliyyət göstərdiyimiz sahələrdə olduğu kimi, İnsan Qaynaqlarının idarə olunmasında da liderik.”