Bakı. Aynur Əliyeva. APA-Economics. «Azərsu» ASC-nin bu ilin yanvar-iyun aylarında su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərinin sayı 35 min və ya 2,9% artıb. Bu barədə ASC-nin mətbuat xidmətinin «APA-Economics»ə verdiyi məlumatda bildirilir.
Belə ki, iyulun 1-nə «Azərsu»da 1 171 065 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 132 575-i və ya 96,7%-i əhali, 38 490-ı və ya 3,3%-i isə qeyri-əhali qrupu abunəçiləridir.
Bundan başqa, 2013-cü ilin birinci yarısında əhali qrupu abunəçilərinin sayı 2,6%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 16% artıb. Hesabat dövründə əhali və qeyri-əhali qrupu üzrə abunəçilərin sayında nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, yeni abunəçilərin qeydiyyata alınması, həmçinin uçot sisteminin təkmilləşdirilməsi hesabına baş verib.
Qeyd edək ki, iyulun 1-i vəziyyətinə «Azərsu»nun sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3% təşkil edib. Hazırda əhali qrupu abunəçilərinin 48,1%-i, qeyri-əhali qrupu abunəçilərinin isə 86,3%-i sayğacla təmin olunub. Təkcə bu ilin yanvar-iyun ayları ərzində 58 min smart-kart sayğacı quraşdırılıb.