"Azpetrol" şirkəti bu gün Bakı Dairəvi yolun Biləcəriyə düşən hissəsində aşan avtomobillə bağlı bu gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.
Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, bəzi KİV-lər Bakı Dairəvi yolun Biləcəriyə düşən hissəsində "Azpetrol"a məxsus benzin daşıyan avtomobil aşıb” başlıqlı yazı dərc ediblər.
“Bu məlumat yanlışdır və həqiqəti əks etdirmir. Nəzərinizə çatdırırıq ki, həmin aşan maşın “Azpetrol” şirkətinə məxsus deyil”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb.