Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

 Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib
# 23 iyul 2013 10:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində 2013-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxışında bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2013-cü ilin birinci yarısında dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib.

 

Qeyd olunub ki, 2013-cü ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb və təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan «Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində Azərbaycan prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya Planının məqsədi Komitənin fəaliyyətinin daha müasir, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.

 

«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanın icrası istiqamətində Komitə tərəfindən 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilib. Bu xidmətləri bir virtual məkanda birləşdirən www.e-emdk.gov.az elektron xidmətlər portalı yaradılıb. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Artıq bu xidmətlər vasitəsi ilə Bakı və ölkənin müxtəlif bölgələrindən 5 mindən çox müraciət daxil olub və baxılıb.

 

Bildirilib ki, hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 14 normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanıb.

 

Hesabat dövrün statistika göstəricilərə gəldikdə, 2013-cü ildə ümumilikdə ölkə üzrə kiçik özəlləşdirmə formasında 490-a yaxın müəssisə və obyekt özəlləşdirilib. Bu il 390-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Hesabat dövründə 380-ə yaxın qeyri-yaşayış sahəsi, 350-yə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 24 pul və ixtisaslaşdırılmış pul hərracında 21 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü  il ərzində müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30,3 mln. manata yaxın məbləğdə investisiya qoyulub. Bu ilin birinci yarısında Komitəyə 5 846-ya yaxın dövlət müəssisə və təşkilatları tərəfindən 2012-ci ilin yekununa görə «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması» daxil olub. Qəbul edilmiş illik xüsusi hesabatlar təhlil  edilib.

 

İyulun 1-nə ƏMDK-nın sərəncamında olan 69 dövlət müəssisəsi və 296 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətləri 2012-ci ilin illik balans hesabatları və inventarizasiya aktları təqdim ediblər. Bundan başqa iyulun 1-nə 6 314 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7 536 filialına (cəmi 13 850) məxsus olan 148 769 daşınmaz əmlakı barədə məlumatlar Registrdə qeydiyyata alınıb. Yanvar-iyun aylarında ərzində ölkə üzrə 82 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 23 mindən çoxu ilkin, 59 minə yaxını isə təkrar qeydiyyata aid olub. İlin birinci yarısında 74 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 63 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 13 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

 

Hesabat dövründə yeni qaydalara əsasən, Bakı şəhəri üzrə 750 küçə və prospektə, Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib. Gəncə şəhəri üzrə  459 küçə və prospektə ünvan təyin edilməsi üzrə hazırlıq işlərinin icrası yekunlaşdırılıb, eləcə də onların koordinatları müəyyənləşdirilib. Bakı şəhərində mövcud olan küçə, prospektlər üzrə ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb, şəhərin 20 küçə və prospekti üzrə 3 500 ədəd giriş nömrə nişanı və bina ünvan lövhəsi quraşdırılıb.

 

İclasın sonunda Komitə sədri tərəfindən bir sıra tapşırıqlar verilib. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə Komitədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR