2018-ci ildə "Meliorasiya və Su Təsərrüfatı" ASC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib.
"APA-Economics" xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
Onun sözlərinə görə, torpaq məcrada tikintisi cari ildə başa çatdırılmış Araz çayının yeni qolunun beton üzlüyə alınması hesabına su itkilərinin qarşısının alınması hesabına isə İmişli və Saatlı rayonlarında əlavə 12000 hektar yeni suvarılan sahələr suvarma suyu ilə təmin ediləcək: "Eyni zamanda Neftçala magistral kanalının tikintisinin başa çatdırılması ilə 12433 hektar, "H" kanalının tikintisinin tamamlanması ilə Sabirabad rayonunda 7551 hektar sahənin su təminatı yaxşılaşdırılacaq. Şəmkir maşın kanalının İpək yolu ilə kəsişmə qurğusunun və kanalın ondan sonrakı 4,95 km hissəsinin tikintisi ilə Goranboy rayonunda daha 8000 hektar sahəyə suvarma suyu çatdırılacaq".
O bildirib ki, su itkilərinin qarşısının alınması və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdiriləcək: "Kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqınların qarşısının alınması, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi, suvarma və kollektor-drenaj şəbəkələrinin normal istismarının təmin edilməsi məqsədi ilə onlarda vaxtlı-vaxtında təmizləmə və təmir-bərpa işlərinin aparılması tədbirləri əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də uğurla davam etdiriləcək".