"Bakı Metropoliteni" QSC "Qarabağ" - "Roma" matçı ilə əlaqədar əvvəlcədən gücləndirilmiş iş rejimi haqqında qərar qəbul edib. Xüsusilə, oyun bitdikdən sonra "Koroğlu" stansiyasına daxil olacaq sərnişinlərin daşınması üçün tədbirlər planı hazırladıq". Bu barədə "APA-Economics"ə "Bakı Materopoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
"Bizə heç kim rəsmi göstəriş verməmişdi. Buna baxmayaraq, bilirdik ki, stadiondan çıxan tamaşaçıların böyük hissəsi metroya üz tutacaq. Çünki əvvəlcədən şəxsi avtomobillərin girişinə icazə verilməyəcəyi deyilmişdi. Həmin saatlar pik vaxt hesab olunmasa da, biz qatarların sayını artırıb, intervalı azaltdıq. Sərnişin axınını nizamlamaq üçün müəyyən məhdudiyyətlər tətbiq etdik. Sərnişinlər stansiyaya hissə-hissə buraxılırdı. Hətta bəzən turniketlərin qarşısında sərnişin sıxlığı artanda çıxış qapısından sərnişinləri pulsuz buraxdıq. Demək olar ki, sərnişinlərin çoxu pulsuz keçdi. Ümumi hesablamaya görə saat 22-23 arası sadəcə "Koroğlu" stansiyasına 25 mindən artıq sərnişin daxil oldu", - deyə qurum rəsmisi vurğulayıb.
Şöbə rəisinin sözlərinə görə, qeyd edilən vaxt ərzində heç bir xoşagəlməz hal qeydə alınmayıb: "Bu işdə bizə Metropolitenin polis şöbəsinin əməkdaşları da kömək etdilər".