Bu gün Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov “Etihad Airways” şirkətinin vitse-prezidenti Amer Xanı səfirlikdə qəbul edib.
Səfirlikdən “APA-Economics”ə verilən məlumata görə, Amer Xan əsasən uzun məsafəli uçuşlara üstünlük verən Etihad Hava Yollarının 2018-ci ilin mart ayının 2-dən etibarən Abu Dabi-Bakı reysinin açılması barədə qərarının səfirliyin təşəbbüsü və çoxsaylı səyləri nəticəsində mümkün olduğunu bir daha diqqətə çatdırıb. Vitse-prezident reyslərin həyata keçirilməsinə qədər görüləcək işlər, şirkətin rəsmilərinin Bakıya çoxsaylı səfərlərinin planlaşdırıldığı barədə məlumat verib.
Şirkətin öncələr bu istiqamətdə maraqlı olmadığını deyən səfir qeyd olunan reysin açılması ilə bağlı görülmüş işlər barədə məlumat verib. O, həyata keçiriləcək reyslərin cəlbediciliyinin artırılması barədə müzakirələr aparılmasını müsbət qiymətləndirib. Səfir görüşdən bir gün öncə səfirliyin məsul əməkdaşının şirkətin hökumət qurumları ilə iş üzrə nümayəndəsi ilə görüşdüyünü, Etihad Hava Yollarının Bakıya uçuşları ilə bağlı səfirliyin göstərə biləcəyi konsulluq və digər məsələlər üzrə dəstək barədə müzakirə apardığını bildirib.
D.Şikarov dünyanın ən yaxşı beş hava yolları şirkətlərindən olan “Etihad Airways” şirkətinin Bakıya birbaşa reyslərə başlamasını yüksək qiymətləndirib, qısa müddət fəaliyyətdən sonra reyslərinin sayının artırılacağına əminliyini ifadə edib. O, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsində ölkənin inkişaf etdiyini, Bakı ilə yanaşı, ölkənin bir çox görməli yerlərinin olduğunu, “Fly Dubai” şirkətinin Qəbələyə də uçuşlar həyata keçirdiyini, BƏƏ-dən olan turistlərin Azərbaycanın müxtəlif yerlərində istirahət etdiyini bildirib. Səfir Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xüsusi gözəlliyə malik olduğunu, burada zəngin və əsrarəngiz təbiətlə yanaşı, çoxlu tarixi abidələrin, Quranda adı keçən Əshabi Kəf mağarasının, Duzdağ, Batabat gölü kimi təbiət möcüzələrinin mövcudluğunu vurğulayaraq, gələcəkdə Etihad Hava Yollarının Naxçıvana uçuşların həyata keçirilməsinin nəzərdən keçirməsini təklif edib. O, Naxçıvanın zəngin potensialını nəzərə alaraq bu reyslərin BƏƏ turistləri tərəfindən böyük maraqla qarşılanacağına əminliyini də diqqətə çatdırıb.
D.Şikarov Azərbaycanın Dubay əmirliyi ilə iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Bununla belə səfir bildirib ki, Abu Dabi əmirliyində iqtisadi, turizm, mədəni, təhsil və səhiyyə sahələrində əməkdaşlıq üçün yüksək potensial var. O, səfirliyin Abu Dabi ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını bildirərək birbaşa uçuşların bu sahədə görülən tədbirlərə xüsusi töhfə verəcəyini və yeni imkanlar yaradacağını da vurğulayıb.
Görüşdə Abu Dabi-Bakı reyslərinin açılması ilə bağlı əlavə tədbirlər, ilk reysin həyata keçiriləcəyi gün Abu Dabi və Bakıda keçiriləcək mərasimlər və bununla əlaqədar digər məsələlər müzakirə olunub.