Bakı. Aynur Əliyeva – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC elektrik təchizat sisteminin yenilənməsi məqsədi ilə yeni sərnişin və yük lokomotivlərinin alınmasını planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları»nın mətbuat xidmətinin başçısı Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müraciətlər olub və hazırda Avropanın bir sıra ölkələri, o cümlədən İspaniya, Çexiya ilə danışıqlar aparılır: «Azərbaycan dəmir yolları nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində yükdaşımalar üçün 50 lokomotivin, sərnişindaşımalar üçün isə 10 lokomotivin alınmasını nəzərdə tutmuşuq».
Qeyd edək ki, dəmir yollarının elektrik təchizat sisteminin yenilənməsi ilə QSC-nin elektrik sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi planlaşdırılır.