Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri ABŞ-da keçiriləcək beynəlxalq konfransa dəvət olunub

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri ABŞ-da keçiriləcək beynəlxalq konfransa dəvət olunub
# 15 avqust 2014 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev Azərbaycanla ABŞ arasında bütün sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan ABŞ ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

 

Bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidmətinin formalaşdırıldığını diqqətə çatdıran komitə sədri vurğulayıb ki, son illər gömrük sisteminin inkişafı daha da sürətləndirilib, onun normativ hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılıb, fəaliyyəti təkmilləşdirilib.

 

Qanunvericilik bazasının möhkəmləndirilməsinə xüsusi önəm verildiyini vurğulayan komitə sədri Azərbaycanda 2012-ci ilin əvvəlindən yeni Gömrük Məcəlləsinin tətbiqi ilə əlaqədar 59 normativ-hüquqi sənədin qısa zamanda qəbul edildiyini diqqətə çatdırıb. O bildirib ki, sonuncu sənəddə ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin fərmanı ilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

 

Belə ki, “Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi tələb olunurdu. Bu ilin noyabrın 1-dən qüvvəyə minəcək qeyd olunan qaydalara uyğun olaraq gömrük məqsədləri üçün artıq 3 sənədin gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur. A.Əliyev qeyd edib ki, bu dəyişiklik ölkənin həm ticarət əlaqələrinin, həm də göstərilən gömrük xidmətinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

 

A. Əliyev əlavə edib ki, Azərbaycan prezidentinin “Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrə edilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunub.

 

Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əlaqələrə gəlincə, istər ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, istərsə də qanunvericilik bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi baxımından Azərbaycan gömrük xidmətinin ABŞ təcrübəsindən xeyli yararlandıqlarını deyən komitə sədri qarşılıqlı səfərləri iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan uğurlu addım kimi səciyyələndirib.

 

Bu ilin may ayında Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və DGK-nın birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfransın keçirildiyini xatırladan A. Əliyev bu mötəbər tədbirin əhəmiyyətindən danışıb, Nobel mükafatı laureatlarının, eləcə də ABŞ Daxili Təhlukəsizlik Departamentində beynəlxalq işlər uzrə nazir muavini və baş diplomat Alan Bersin qlobal konfransda iştirakını xüsusilə qeyd edib.

 

D. Hoqan strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin hazırki durumundan məmnunluqla söhbət açıb. Amerikalı diplomat Azərbaycan Gömrük Təşkilatının modernləşməsi və inkişafı yolunda atılan uğurlu addımları, eləcə də  qarşılıqlı münasibətlərin inkişafı naminə respublikamızın gömrük xidmətinin ölkəsinin analoji qurumu ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirib. O, ABŞ Daxili Təhlükəsizlik Departamentində beynəlxalq işlər üzrə nazir müavini və baş diplomat Alan Bersinin ikitərəfli münasibətlərin, eyni zamanda qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq müstəvisində ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə qarşı mübarizə, təcrübə mübadiləsi və s. istiqamətlərdə həyata keçiriləcək konkret proqramlarla bağlı təkliflərin müzakirəsi üçün A. Əliyevin ABŞ-a səfər gerçəkləşdirməsi xahişini diqqətə çatdırıb.

 

D. Hoqan, həmçinin bu ilin avqustun 26-28-də ABŞ-ın San-Antonio şəhərində keçiriləcək “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət  Tərəfdaşlığı” mövzusunda konfransa dəvət məktubunu A. Əliyevə təqdim edib.

 

DGK sədri “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət Tərəfdaşlığı” mövzusunda konfransa dəvətə görə təşəkkürünü bildirib, verilən təklifləri müsbət dəyərləndirib, bütün sferalarda birgə əməkdaşlığın önəmindən bəhs edib. Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR