Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda dövlət əmlakının effektiv idarə edilməsi və ondan səmərəli istifadə olunması çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonunda nizamnamə kapitalında dövlət payı olan səhmdar cəmiyyətləri və dövlət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşün təşkil olunmasında məqsəd regionlarda yerləşən dövlət əmlakının qorunması və səmərəli istifadəsi, müasir əsaslarla korporativ idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi, səhmdar cəmiyyətlərin nizamnamə kapitalında dövlətin payının özəlləşdirilməsi ilə bağlı məsələləri nəzərdən keçirməkdir.
Eyni zamanda, səhmdar cəmiyyətlərində ümumi yığıncaqların çağırılması, dividendlərin ödənilməsi, dövlət büdcəsinə və büdcədən kənar fondlara olan borcların cari vəziyyəti, zəbt olma hallarının qarşısının alınması və digər əlaqəli məsələlər də görüşün müzakirə mövzusu olub.
Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuz rayonlarından olan 40-a yaxın səhmdar cəmiyyət və dövlət müəssisəsinin rəhbər heyəti iştirak edib.
Tədbirdə çıxış edən komitənin sədr müavini Rüstəm Şahbazov dövlət əmlakının effektiv idarə edilməsi və səmərəli istifadəsinin zəruriliyindən, bu sahədə qanunvericilik bazasından, həyata keçirilmiş tədbirlərdə əldə olunan nəticələrdən, bu sahədə korporativ idarəetmə sisteminin əhəmiyyətindən, beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqi vəziyyətindən danışıb. Həmçinin, özəlləşdirilən dövlət müəssisələrinin sağlamlaşdırılması və restrukturizasiyası, müəssisələrin fəaliyyətinin bərpası və yeni iş yerlərinin yaradılması istiqamətində aparılan iqtisadi siyasətin nəticəsi olaraq sahibkarlığın inkişafı da vurğulanıb.
Görüşdə dövlət əmlakının mövcud vəziyyəti, istismara yararsız vəsaitlərin balansdan silinməsi, səhmdarların ümumi yığıncaqlarının keçirilməsi, dövlət büdcəsinə və büdcədənkənar fondlara olan borcların silinməsi, zəbt olunma hallarının qarşısının alınması və digər məsələlərlə bağlı çıxışlar olub, səhmdar cəmiyyətləri rəhbərlərinin bu barədə fikir və təklifləri dinlənilib. Tədbirdə qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Məlumat üçün qeyd edək ki, cari il üçün nizamnamə kapitalında dövlətin payı olan 280-ə yaxın səhmdar cəmiyyəti mövcuddur. Bu il ərzində Bakı şəhəri və ölkənin digər şəhər və rayonlarında yerləşən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərdə dövlət əmlakının qorunması və səmərəli istifadəsi vəziyyətinin araşdırılması, istehsal fəaliyyətlərinin öyrənilməsi məqsədilə 1 270-ə yaxın monitorinq keçirilmiş və nəticələri təhlil edilib. Bir sıra səhmdar cəmiyyətlərdə səhmdarların birinci ümumi yığıncaqların keçirilməsi, daxili korporativ sənədlərin hazırlanması işində metodiki kömək göstərilib. Səhmdar cəmiyyətlərinin ərazilərində zəbtolunma hallarının qarşısının alınması və mövcud vəziyyətin nəzarətdə saxlanılması istiqamətində bir sıra işlər görülüb.
Bu ilin birinci yarısında komitəyə dövlət əmlakının idarə edilməsi ilə bağlı 430-dan çox müraciət daxil olmuş və qanunvericiliyə uyğun cavablandırılıb.