Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46% bazar payına malik olan “Google.az”-dır.
“APA-Economics”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, “Global Stats” analitik şirkətinin təhlilləri əsasında məlum olub.
İkinci yeri bazar payı 6,64% təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4% bazar payı ilə “Google.com.tr” tutur.
İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15%-lə “Google.com”, 7,09%-lə “Yandex.ru” mövqelərini möhkəmləndirib. Sonrakı yerləri “Bing” və “Mail.ru” bölüşdürüb.
Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı 28,22% təşkil edib.
Brauzerlər bazarında ikinci yeri 3,5%-lə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84% bazar payı ilə “Android”, 1,56%-lə isə “Internet Exploer” qərarlaşıb.
Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkədə ən çox istifadə olunan əməliyyat sistemi “Windows”dur. Hazırda Azərbaycanda “Windows 7” əməliyyat sisteminin bazar payı 63,01% təşkil edir.
İkinci yeri 13,45%-lə “Windows XP”, üçüncü yeri bazar payı 4,68% təşkil edən “Android” əməliyyat sistemi tutur. Sonrakı yerlərdə “Windows 8” və “iOS” əməliyyat sistemləri bərqərar olub.