Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İnformasiya Texnologiyaları (İT) sektorunun artım tempi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektorunun ümumi artım tempindən daha yüksəkdir və ilbəil xüsusi çəkisi artır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatın “İT sənayesi: mövcud vəziyyət” ilə bağlı bölməsində yer alıb. RYTN tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2012-ci illə müqayisədə 2013-cü ildə İT-nin ümumi sektorunda xüsusi çəkisi 8,6%-dən 10,5%-ə yüksəlib. 2013-cü ildə ölkənin İT sektorunun gəlirləri 219,1 mln. ABŞ dollarına çatıb və əvvəlki illə müqayisədə 1,3 dəfə genişlənib.
İT sahəsində xüsusilə kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdansatışında 107,2%, proqram təminatının işlənməsində 63,5%, elektron və radioelementlərin istehsalında 56,4% artım müşahidə olunub. Ölkənin İT sektorunda istehsal sahəsi ilbəil daha da artır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 31,5%, xidmət-ticarət sahəsinin isə 68,5% təşkil edir. 2009-cu ildə isə bu nisbət müvafiq olaraq 24,4% və 75,6% təşkil edib.
Hesabatda bildirilir ki, bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir, ölkənin İT şirkətləri yerli layihələrlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində layihələr icra edir. Azərbaycanda istehsal olunan kompüterlər, elektron avadanlıqlar və proqram təminatı region bazarlarına ixrac olunur.