Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 22,2% artaraq 31,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk ayında ölkədə 173,8 min ton sement istehsal edilib. Bu, 2017-ci ilin ilk ayı ilə müqayisədə 28,2% çoxdur.
İlin ilk ayında 2,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 8,2% çoxdur. Tikinti kərpicinin istehsalı isə 2,4 dəfə artaraq 22,7 min kubmetr təşkil edib.
Yanvar ayında şüşə lifindən iplik istehsalı 77,9% azalaraq 14,9 ton olub. Tikinti gipsinin istehsalı da 85,6% azalaraq 1,1 min ton olub. Yanvar ayında tikinti əhənginin istehsalı 33,1% artaraq 3 338,3 ton təşkil edib.
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 8 843,7 ton olaraq, ötən ilin yanvar ayı ilə müqayisədə 0,8% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 36,2% azalaraq 8,8 min kubmetr təşkil edib.
Ötən ay hörmə üçün hazır beton qarışığının istehsalı 6 dəfə artaraq 78 min ton təşkil edib.