Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin iyun ayı üzrə 150,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, mayda həmin indikator 62,0%, apreldə isə 425,7% olub.
CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətini göstərir. Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyaların yanvardakı kəskin azalmasından sonra, fevralda sabitlik bərpa olunub, martda təxminən 2 dəfəlik, apreldə 4,3 dəfəlik artım, mayda yenidən azalma, iyunda isə artım baş verib:

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, onunla bağlı olan sahələrdəki vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti əks etdirir.
Ümumilikdə, yanvar-iyun ayları ərzində mənzil tikintisinə 659,4 mln. manat həcmində investisiya qoyulub ki, bu da illik müqayisədə 6,9% çoxdur.