Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2013-cü ilin iyul ayında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə növbəti araşdırma aparılıb.
Birlikdən «APA-Economics»ə verilən məlumata görə, aparılan təhlillərə əsasən, bu ilin mart ayından başlayan qiymət azalması iyulda davam edib. İstər idxal, istərsə də ixrac məhsullarında çeşid bolluğunun hökm sürməsi, alıcı aktivliyi iyul ayı üçün də xarakterik olub.
İyunda Rusiyadan idxal edilən dəmir materiallarının və armaturun qiymətində müşahidə edilən azalma iyulda da davam edib. Belə bir tendensiya yerli istehsala da təsirsiz ötüşməyib. Ötən ay Ukraynadan idxal edilən armaturun 1 tonu 1,2% düşərək 800 manat təşkil edib. Yerli armatur istehsalçılarında («Baku Stell Company») isə satış qiyməti 710 manat/ton olub. Qiymət azalması idxal edilən sink təbəqələrdə də qeydə alınıb ki, ümumilikdə orta qiymətdə əvvəlki ayla müqayisədə 7,9% azalma olub.
İyul ayında bəzi tikinti materialları üzrə artım müşahidə olunub. Əhəmiyyətli dərəcədə qiyməti artan materiallar arasında Rusiyadan idxal edilən taxtanı (4,4%) və Türkiyədən gətirilən kafel-metlax (5%) məhsullarını qeyd etmək olar. Digər tikinti materiallarında baş verən dəyişikliklər cüzi artıb-azalma ilə müşahidə edilib.
Beləliklə, ümumilikdə ötən ay daha çox 18 adda, 32 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub, 7 adda 14 növdə məhsul üzrə qiymət artımı müşahidə edilib. Nəticədə, araşdırılan materiallar üzrə qiymət dəyişməsi ümumilikdə 0,66% azalma təşkil edib.
İyun ayı (171,4) ilə müqayisədə qiymət indeksi orta qiymətə müvafiq olaraq 1,1 bənd azalaraq 170,3 bənd səviyyəsində qərarlaşıb.
Bu ilin iyul ayında bazarda müşahidə edilən orta qiymət may ayı ilə müqayisədə 0,66% azalma təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətən bu fərq 3,7%, keçən illə müqayisədə isə 6,6% azalma ilə müşahidə edilib.
Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan məhsulların bazardakı həcmi, əvvəlki ayla müqayisədə idxal məhsullarını 1,09% üstələyərək 52,2% olub.