Təmir işləri iki gün davam edəcək. “Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, bununla da dəmir yolunun Bakı – Biləcəri sahəsində ötən aydan start verilmiş 9 kilometr yolun əsaslı təmiri başa çatacaq.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov isə “APA-Economics”ə verdiyi məlumatda bildirib ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib: “Bu günə kimi 262,6 kilometr yol əsaslı təmir olunub, bunun da 191 kilometrinin 800 metrlik uzun ölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb”.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Qeyd edək ki, yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir.