Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, Bakı-Qazax yolunun 116-cı kilometrliyində adı çəkilən körpü-yol ötürücüsünün qəzalı vəziyyətdə olmasına səbəb bu yolda hərəkət edən iritutumlu və ağırtonnajlı yük nəqliyyat vasitələri olub.
P.Mürsəliyevin sözlərinə görə, körpü-yol ötürücüsünün ancaq 2 gediş zolağı bağlanacaq: “Bakı-Qazax magistralı üzərindəki körpü-yol ötürücüsü qəzalı vəziyyətdə olduğu üçün bir neçə günə körpünün aşırım hissəsinin tirləri dəyişdiriləcək. Ərazidən keçən ağır tonnajlı, iritutumlu maşınlar yolu dağıdıblar. Ona görə də yolun yenidən təmirə ehtiyacı var”.
Qeyd edək ki, bu yol avtomobillərin, o cümlədən ağır tonnajlı yük avtomobillərinin Bakı, Gəncə, Qazax, Gürcüstan Respublikası istiqamətində və əks istiqamətdə intensiv hərəkət etdiyi yoldur. Son 10 il ərzində üçüncü dəfədir ki, Bakı-Qazax yolunun 116-cı kilometrliyində adı çəkilən körpü-yol ötürücüsünün bir hissəsində beton konstruksiyaların yenilənməsinə qərar verilib.