Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura “2013-2014-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsini keçirir.
”APA-Economics”in xəbərinə görə, tədbirdə “2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin təqdimatı da keçirilir.
Bundan başqa, dövlət proqramında elektron hökumətin inkişafına dair tədbirlər haqqında və dövlət proqramı layihəsinə ictimai baxış mövzularında müzakirələr də təşkil olunacaq. Müzakirələrdə dövlət qurumları, vətəndaş cəmiyyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbir müddətində ekspertlərin, eyni zamanda müvafiq dövlət qurumları nümayəndələrinin fikirləri onlayn formatda Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN” xidmət mərkəzinin rəsmi Twitter (https:// twitter.com/ ASANXidmat) səhifəsində izləmək mümkündür.