Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyun ayı ərzində Bakı şəhərində bazarda satışa təklif olunan 1-5 otaqlı yaşayış mənzillərinin təklif portfeli üzrə hesablanmış orta qiyməti 2 105 ABŞ dolları/kv.m-dən 1,28% azalaraq 2 084 dollar/kv.m-ə qədər, milli məzənnə ilə isə ay ərzində 1 656 manat/kv.m-dən 1,29% azalaraq 1 634 manat/kv.m bəndində qərarlaşıb.
“APA-Economics”in məlumatına görə, paytaxtın təkrar yaşayış mənzil bazarını araşdıran "MBA Consulting Group" şirkətinin Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarında apardığı son tədqiqatların nəticəsinə görə, bazar portfelində ümumi təkliflərin sayı isə 2140 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 1,5% çox, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 7,84% az olub.
Əmlak bazarında qiymətin 1,28% azalma səbəbi mövsümi xarakter daşıyır. Yay fəsli vaxtı, xüsusi ilə havaların isti keçdiyi dövrdə insanların şəhərdən kənar yerlərdə dincəlməsi, əmlak bazarındakı alqı-satqı əqdlərinin sayına təsirsiz ötüşməyib. Yay vaxtı insanlar dincəlməyə daha çox diqqət yetirdiklərindən bazarın aktivliyində azalma qeydə alınıb ki, bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının 0,41% azalmasına gətirib çıxarıb. Digər tərəfdən isə daşınmaz əmlak bazarındakı qiymətlər ümumilikdə son aylarda daha çox artdığından alıcıların böyük əksəriyyəti qiymətlərin növbəti yaxın aylarda düşəcəyini ehtimal edərək gözləməyə üstünlük verirlər. Alıcıların ehtiyatlı tərpənərək gözləməyə üstünlük vermələri öz növbəsində iyun ayında qiymətlərin nisbətən azalmasına gətirib çıxarıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 47,64%-dən 1,68% azalaraq 46,84%, ucuz evlərin payı isə 52,36%-dən 1,53% artaraq 53,16% təşkil edib.
Bazarda alqı-satqı əqdlərinin azalması əmlakın ekspozisiya müddətinin artması ilə nəticələnib. Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq 83 gün təşkil edib. Hesabat ayında daimi struktur ilə qiymət azalması dəyişən struktur ilə qiymət azalmasını üstələyib. Buna səbəb isə köhnə tikili mənzillərin qiymətində yeni tikili mənzillərin qiyməti ilə müqayisədə daha çox azalmasıdır. Mənzil bazarında dəyişən struktur ilə qiymət indeksi ay ərzində 1,28% azalaraq 9.26, daimi struktur ilə isə 1,46% azalaraq 9,42 bəndində qərarlaşıb. Qiymət indeksinin dəyişən struktur ilə daimi struktura nisbətən son ayda çox olması, yeni tikililərin qiymət artım tempinin köhnə tikililərə nisbətən daha çox olması ilə izah olunur.
Ötən ay təkrar bazarda 2 140 ədəd yaşayış mənzili satışda olub və təklif portfelində mərkəzi rayonlar mərkəzdən kənar rayonlarla müqayisədə mütləq üstünlük təşkil edir ki, bu da ərazinin sosial durumundakı fərqlərlə izah edilir. Uyğun olaraq, bazarın layihələr üzrə bölgüsündə də yerdəyişmələr görsənməkdədir.
Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən “eksperimental”, "italyan", “Leninqrad” və “Minsk” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib. Təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. 3, 4 və 5 otaqlı mənzillərin təklif sayında artım, 1 və 2 otaqlı mənzillərin təklif sayında isə azalma müşahidə olunub. Nəticə olaraq isə az otaqlı mənzillərin payı bazarda azalıb.
Ötən ay üzrə orta qiymətlərdə və qiymət indeksində azalma müşahidə edilib. Orta qiymət iyun ayı ərzində 2 111 dollar/kv.m-dən 1,28% azalaraq 2 084 dollar/kv.m təşkil edib. Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin daha əvvəlki aya nisbətən azalması qeyri-mövsümi ayların davamı ilə əlaqədardır. Ümumilikdə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 0,27%, ucuz evlərin qiymətləri isə 1,9% azalma ilə yadda qalıb. Ay ərzində moda 2 547 dollar/kv.m stabil qalıb, median isə 2 081 dollar/kv.m-dən 1,63% azalaraq 2 047 dollar/kv.m təşkil edib. Mediananın azalması isə onu göstərir ki, təkrar mənzil bazarında qiymətlərdə azalma meyilliyi baş verir. Bazarda qiyməti 85-100 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 53,16% -ə malikdir. Mənzillərin orta otaq sayı 2,49, hər otağın orta satış qiyməti 70 441 dollar, mənzilin orta qiyməti 175 398 dollar, daimi struktur ilə isə 202 539 dollar təşkil edib.
Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi nisbətən azalma müşahidə edilib. Bunu son aylarda qiymətlərin artaraq yüksək səviyyədə qərarlaşması və indən sonra qiymətlərin artıq artmayacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar. Son ayda bazarda təklifin artmasına baxmayaraq aktivliyin azalması əmlakın ekspozisiya müddətinə də təsirini göstərib.
2013-cü ilin sonundan davam edən qiymət artımı bu ilin ilk yarısında da davamlı olub. Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərə çarpacaq qiymət artımı olmadığı halda, daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilməsinin səbəblərini ölkə əhalisinin gəlirləri artdıqca mənzil şəraitlərini yaxşılaşdırmağa üstünlük vermələri, mənzil bazarında qiymət artımı bank depozit faizlərini üstələdiyindən investorlar bu bazara daha çox üstünlük verməyə meyllidirlər, Rusiya və Ukraynada baş verən hadisələr Azərbaycan daşınmaz əmlak bazarına pul kütləsinin təzyiqinin artımına səbəb olub və mənzil tikintisi bazarında bazar iştirakçılarının sayı azaldıqca, süni qiymət artımı imkanları daha da çox olmasını qeyd etmək olar.
Lakin son iyun ayında, qeyri-mövsümü ayların davamı olduğundan durum bir qədər fərqli olaraq, qiymətlərdə nisbi stabilləşmə müşahidə edilib.