Bank Of Baku

Bakıda köhnə binalarda mənzillər ucuzlaşıb

Bakıda köhnə binalarda mənzillər ucuzlaşıb
# 20 avqust 2014 11:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İyul ayında Bakı şəhərinin yaşayış təyinatlı daşınmaz əmlak bazarında satışa təklif olunan 1-5 otaqlı mənzillərin hesablanmış orta qiyməti 2 084 ABŞ dolları/kv.m-dən 0,43% azalaraq 2075 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 634 manat/kv.m-dən 1,0% azalaraq 1 627 AZN/kv.m bəndində qərarlaşıb. 

 

Paytaxtın təkrar yaşayış mənzil bazarını araşdıran “MBA Consulting Group” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bazar portfelində ümumi təkliflərin sayı isə 2 152 ədəd təşkil edib. Bu da öz növbəsində ötən ay ilə müqayisədə 0,5% çox, ilin müvafiq ayı ilə müqayisədə isə 7,35% az olub. Əmlak bazarında qiymətin 0,43% azalması qeyri-mövsümi aylara uyğun olaraq gözlənilən idi. Ümumilikdə son dövrdə təkrar yaşayış mənzillərin qiymətlərinin pik nöqtəyə çatdığından, bazarda artıq durğunluq müşahidə edilməkdədir.

 

Bazarın aktivliyində və bazardakı alqı-satqı əqdlərinin sayında azalmalar davam edir. Ümumilikdə iyul ayında Bakı şəhəri üzrə təkrar yaşayış mənzili bazarında qeyd edilən alqı-satqı əqdlərinin sayı 0,42% azalıb. Digər tərəfdən isə alıcıların böyük əksəriyyəti qiymətlərin növbəti yaxın aylarda düşəcəyini ehtimal edərək, gözləməyə üstünlük verirlər. Alıcıların ehtiyatlı tərpənərək gözləməyə üstünlük vermələri öz növbəsində iyul ayında qiymətlərin nisbətən azalmasına gətirib çıxardıb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib. Bu da bazarın konyunkturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin (orta qiymətdən yuxarı) payı 46,84%-dən 2,79% azalaraq 45,53%, ucuz evlərin (orta qiymətdən aşağı) payı isə 53,16%-dən 2,46% artaraq 54,47% təşkil edib. Bazarda alqı-satqı əqdlərinin azalması əmlakın ekspozisiya müddətinin artması ilə nəticələnib. Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq  84 gün təşkil edib.

 

Hesabat ayında daimi struktur ilə qiymət dəyişməsi stabil olsa da, dəyişən struktur ilə qiymət azalmasını qeydə alınıb. Bu da öz növbəsində ona gətirib çıxardır ki, köhnə tikili mənzillərin qiymətində yeni tikili mənzillərin qiyməti ilə müqayisədə daha çox azalma olub. Mənzil bazarında dəyişən struktur ilə qiymət indeksi ay ərzində 0,43% azalaraq 9,22, daimi struktur ilə isə dəyişməz qalaraq 9,42 bəndində qərarlaşıb.

 

Bu ilin iyul ayı ərzində təkrar bazarda 2 152 ədəd yaşayış mənzili satışda olub. Təklif portfelində mərkəzi rayonlar, mərkəzdən kənar rayonlarla müqayisədə mütləq üstünlük təşkil edir ki, bu da ərazinin sosial durumundakı fərqlərlə izah edilir. Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən “alman”, "fransız" və “Kiyev” layihəli binalarda müşahidə olunub.

 

Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib. Təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. 3, 4 və 5 otaqlı mənzillərin təklif sayında azalma, 1 və 2 otaqlı mənzillərin təklif sayında isə artma müşahidə olunub. Nəticə olaraq isə az otaqlı mənzillərin payı bazarda artıb. Ay üzrə orta qiymətlərdə və qiymət indeksində azalma müşahidə edilib. Orta qiymət iyul ayı ərzində 2 084 dollar/kv.m-dən 0,43% azalaraq 2 075 dollar/kv.m-ə düşüb.

 

Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin ötən aya nisbətən azalması qiymətlərin pik nöqtəsinə çatması və qeyri-mövsümi ayların davam etməsi ilə əlaqədardır. Ümumilikdə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 0,3% artıb, ucuz evlərin qiymətləri isə dəyişməz olaraq qalıb. Ay ərzində moda 2 547 dollar/kv.m stabil qalıb, median isə 2 047 dollar/kv.m-dən  1,56% azalaraq 2 015 dollar/kv.m təşkil edib. Mediananın azalması onu göstərir ki, təkrar mənzil bazarında ucuz evlərin təklif portfelində payı çoxalıb.

 

Bazarda qiyməti 85-100 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 54,47% -ə malikdir. Mənzillərin orta otaq sayı 2,42, hər otağın orta satış qiyməti 67 478 ABŞ dolları, mənzilin orta qiyməti 160 264 dollar, daimi struktur ilə isə 191 499 dolları təşkil edib.

 

Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi nisbətən azalma müşahidə edilib. Bunu son aylarda qiymətlərin artaraq yüksək səviyyədə qərarlaşması və indən sonra qiymətlərin artıq artmayacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar. Son ayda bazarda təklifin artmasına baxmayaraq aktivliyin azalması əmlakın ekspozisiya müddəti də təsirini göstərib.

 

2013-cü ilin sonundan davam edən qiymət artımı bu ilin ilk 5 ayında da davamlı olub. Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərə çarpacaq qiymət artımı olmadığı halda, daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilməyib. Buna səbəb ölkə əhalisinin gəlirləri artdıqca mənzil şəraitlərini yaxşılaşdırmağa üstünlük verməsi, mənzil bazarında qiymət artımı bank depozit faizlərini üstələdiyindən investorlar bu bazara daha çox üstünlük verməyə meylli olması, Rusiya və Ukraynada baş verən hadisələr Azərbaycan daşınmaz əmlak bazarına pul kütləsinin təzyiqinin artımına səbəb kimi göstərmək olar. Bundan başqa, mənzil tikintisi bazarında bazar iştirakçılarının sayı azaldıqca, süni qiymət artımı imkanları daha da çoxalması, lakin iyul ayında, qeyri-mövsümü ayların davamı olduğundan durum bir qədər fərqli olaraq, qiymətlərdə azalma müşahidə edilməsini qeyd etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR