Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu 2013-cü ilin iyul ayında Bakı şəhərinin ilkin mənzil bazarında növbəti araşdırma aparıb. Birlikdən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən başlayan qiymət artımı iyul ayında da davam edib.
Adətən iyul ayı ilin isti ayı kimi, əhalinin əksəriyyətinin məzuniyyətdə və şəhər kənarında olması səbəbi ilə potensial alıcılar üçün qeyri-məqbul ay sayılır. Həmçinin, alıcıların bir hissəsi ilin qarşıdakı aylarında ipoteka kreditləri üzrə faiz dərəcəsinin aşağı düşməsi və ümumi kredit məbləğinin artacağı ehtimalları ilə gözləməyə üstünlük verir. İlin sonuna doğru qiymətlərin azalacağını ehtimal edənlər də az deyil. Lakin buna baxmayaraq, ilkin mənzil bazarında iyulda aktivlik və qiymət artımı davam edib.
Ucuz yaşayış mənzillərinin satış həcmində və qiymət indeksində artım müşahidə edilib. Mənzillərin satışında, əsasən də ucuz mənzil bazarında aktivlik meylləri artıb. Stabil tələb ucuz evlərə olsa da, bazarda 1 kv. metri 1 000-1 200 manata satılan mənzillərin ümumi portfelində sayının artdığı qeydə alınıb.
İyulda paytaxtın iki rayonunda 4 yeni tikilinin satışa çıxarılması qeydə alınıb. İki bina Nəsimi rayonunda, digər satışlar isə Nərimanov və Xətai rayonlarında qeydə alınıb. Satışa çıxarılan 4 yeni tikilidən ikisi 16 mərtəbəli, 4 bloklu, ikisi isə 1 bloklu olub. Təklif edilən yeni mənzillərdəki qiymətlər əsasən 1 200-1 300 manat/kv. metr təşkil edib.
Buna baxmayaraq, aparılan araşdırmalara əsasən, tələb əsasən 800 manatdan başlayan qiymətlərdə özünü göstərib. Satışdan çıxan mənzillərin sayında da artım olub və 6 yeni tikili satışdan çıxıb. Beləliklə, Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan çoxmənzilli yaşayış binalarının sayı 398 olub. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikilinin tam satılaraq satışdan çıxmasına mane olub. Müvafiq olaraq hazırda bina inşa edən tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, say əvvəlki aydakı 129-a qarşı 126 olub.
Ən çox yeni tikili ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyub. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.
İyul ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metr üzrə orta qiymət göstəricisi ötən iyundakı 884,1 manata qarşı 0,3% artaraq 886,5 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,6%, ötən ilə nisbətən isə 11,3% artımla yadda qalıb.
Qeyd edək ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət azalması 25,8% təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə qiymət fərqi 5,6% artım təşkil edib.