Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir.
BNA-dan "APA-Economics"ə verilən məlumata görə, bu çərçivədə Təbriz və İ.Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb.
Müəyyən edilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yol ayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.
BNA-nın mütəxəssisləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vasitələrinin hərəkətinin kanallaşdırılması barədə təklifi hazırlanıb. Təklifdə həmçinin, svetofora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.
Təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadalarının rahatlığının təmin edilməsi mümkün olacaq.
Təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.