Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında yaz-yay fəslinin qızğın vaxtı ilə əlaqədar Bakı şəhərinin torpaq bazarında aktivlik artıb, bazarda ucuz torpaq sahələri üzrə təklif azalıb və təklif strukturundakı dəyişikliklərin nəticəsində qiymətdə isə nisbətən azalma müşahidə olunub.
“APA-Economics”in məlumatına görə, paytaxtda əmlak və torpaq bazarını araşdıran “MBA Consulting Group” şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 2,7% azalıb. İyun ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,15% azalaraq 18 894 ABŞ dolları/sot səviyyəsindən 18,488 dollar/sot səviyyəsində qərarlaşıb.
Bu ilin iyun ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət azalması müşahidə olunmasına baxmayaraq, Nərimanov rayonunda qiymət artımı müşahidə olunub. Qeyd edək ki, may ayında Abşeron rayonunda sıçrayışlı qiymət artımı qeydə alınmışdırsa, iyun ayında bu rayonda torpaq qiymətində 17,25% azalma qeydə alınıb. Ümumilikdə, qiymət azalması əsasən mərkəzi rayon olan Səbail və Xətai rayonlarında qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Suraxanı və Abşeron rayonları, ən passiv rayon isə Nəsimi və Səbail rayonlarıdır.
İyun ayında torpaq bazarında aktivlik şəhərin IV zonada artıb. Qiymətlərin və torpağa olan tələbin artmasına baxmayaraq, təklif portfelinin həcmində son ayda azalma müşahidə olunub. Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub.
Ötən ay təklifin həcmi bütün zonalarda azalıb. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişmiş, mövsümi aylar olduğuna baxmayaraq, əvvəlki aylarda torpaq sahələrində qeyd edilən sıçrayışlı qiymət artımı iyun ayında stabilləşərək II, III və IV zonalarda qiymətlərdə nisbətən azalma müşahidə edilib.
|
|
may 2014, $/sot |
iyun 2014, $/sot |
Orta qiymət dəyişməsi, % |
|
I zona |
265373 |
264352 |
-0.38 |
|
II zona |
153607 |
165337 |
7.64 |
|
III zona |
39050 |
41235 |
5.60 |
|
IV zona |
7021 |
6248 |
-11.01 |
Hesabat ayında qiymətlərin artması nisbətən II və III zonalarda, azalması isə I və IV zonalar üzrə qeydə alınıb. Qiymətlərin ötən aylara nisbətən azalmasına səbəb ötən aylardakı torpaq sahələrində qeyd edilən sıçrayışlı qiymət artımının stabilləşməsini və təklif portfelində ucuz torpaq sahələrinin payının çoxalmasını göstərmək olar.
Torpaq bazarında az sayda artan təklif və aktivlik, mövsümü ayın olması ilə yanaşı həm də, qiymətin nisbətən azalması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi. Ay ərzində torpaq bazarına təklif olunan ümumi 481 ədəd torpaq sahəsinin 86,3%-i boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil еdib. Yеni tikililərin salındığı torpaq sahələrinin 26,7%-i köhnə yararsız еvlərin sökülməsi, 6%-i kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıb. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 22,74% artaraq 29,8 sot/sahə təşkil edib.
Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması, şəhərin bütün zonalarında müşahidə edilib. Bazarda təklifin azalması, satışın həcminin artımı və boş torpaq sahələrinin azalması ilə bağlı olub.
İyun ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər nisbətən azalma ilə yadda qalıb. Qiymət indеksi ay ərzində 2,14% azalaraq 9,25 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 18 488 dollar/sota çatıb. Tələb müxtəlif templə də olsa, əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib.
Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Gənclik m/st yaxınlığında (200 000 $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Digah qəsəbəsində (450 $/sot) qеydə alınıb.