Bakı. Aynur Əliyeva - APA-Economics. Dünən Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda baş verən çökmənin səbəbi məlum olub.
Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
“Çökən yolun yanında ayrıca zolaq var. Bu hissədən su axmağa başlayıb. “Azərsu” ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Məlum olub ki, həmin ərazidən iki ədəd 700 mm diametrlik su borusu keçir. Boruların biri-birinə qaynaq olunan hissəsində çat olduğu aşkarlanıb. Bu çatdan su axaraq, yolun torpaq yatağını yuyub və yolun çökməsinə səbəb olub”, - deyə P. Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətində iş gedir.
Xatırladaq ki, qeyd edilən ərazidə yol ötən gün çöküb. Hadisə baş verəndən sonra “Azəryolservis” ASC-nin müvafiq müəssisələri tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub.
Onu da qeyd edək ki, yolun çökməsi nəticəsində həmin ərazidə böyük tıxac yaranıb.